06 aprel 2026 17:54
117

Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirilib

Tədbirdə rəqabət siyasətinin prinsipləri və Məcəllədə nəzərdə tutulmuş dövlət nəzarətinin təşkili mexanizmləri barədə məlumat verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair seminar keçirilib.

Tibbi xidmətlər sahəsində fəaliyyət göstərən 20-yə yaxın təsərrüfat subyekti təmsilçisinin qatıldığı tədbirdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov rəqabətin təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. Antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə isə “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı rəqabət siyasətinin prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, rəqabəti məhdudlaşdıran sazişlərin mahiyyəti, müvafiq bazarda hökmran mövqenin müəyyən edilməsi meyarları və ondan sui-istifadə halları barədə məlumat verilib. Rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, müvafiq sahədə dövlət nəzarətinin təşkili və tənzimləmə mexanizmlərindən bəhs olunub.

Seminar çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları ətrafında müzakirələr aparılıb, praktiki nümunələr əsasında izahlar verilib.