06 aprel 2026 16:46
134

“Azexport” portalının imkanlarından istifadə etməklə mədəni və yaradıcı sənaye məhsullarının ixracı müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı ilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində (Yaradıcı Mərkəz) mədəni və yaradıcı sənaye (MYS) məhsullarının ixracına həsr olunmuş görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin direktoru Rəşad Cəfərov və digər nümayəndələr iştirak ediblər.

Görüşdə MYS sektorunun inkişafı, “Mədəniyyət 2040” konsepsiyasında nəzərdə tutulan hədəflər çərçivəsində “Azexport” portalının elektron ticarət şəbəkələrinə çıxış imkanları və ixrac əməliyyatlarının idarə olunması üzrə təcrübəsinin bu sahədə tətbiqi müzakirə olunub. Qeyd edilib ki, portal xarici bazarlara çıxış sahəsində topladığı təcrübəni MYS sektorunda fəaliyyət göstərən sahibkar və yaradıcı şəxslərlə bölüşməyə hazırdır və bu istiqamətdə Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Bildirilib ki, MYS sektorunun inkişafı ölkənin qeyri-neft ixrac potensialının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir və bu sahədə fəaliyyət göstərən şəxslərin rəqəmsal ticarət bacarıqlarının artırılması onların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini yüksəldəcək. Eyni zamanda, audiovizual məhsulların ixrac imkanlarının genişləndirilməsinin ölkənin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyi vurğulanıb və rəqəmsal platformalardan daha geniş istifadənin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin bildirilib ki, son illərdə həyata keçirilən sistemli tədbirlər nəticəsində MYS məhsullarının ixracı əhəmiyyətli dərəcədə artıb və 2024-cü ildə bu göstərici 2022-ci illə müqayisədə təxminən 2,5 dəfə yüksəlib. Sonda tərəflər əməkdaşlığın genişləndirilməsi, birgə təlim proqramlarının təşkili və MYS sektorunda fəaliyyət göstərən subyektlərin ixrac potensialının artırılması istiqamətində konkret addımların atılması barədə razılığa gəliblər.