06 aprel 2026 12:52
104

Səudiyyə Ərəbistanı Asiya üçün neftin qiymətlərini rekord həddə qaldırır

Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neft qiymətlərini rekord səviyyəyə qaldırmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Ölkənin dövlət neft şirkəti Saudi Aramco may ayında Asiyaya ixrac edilən Arab Light markalı xam neftin qiymətini bir barel üçün 17 dollar artıracaq. Nəticədə bu göstərici regional baza səviyyəsindən 19,5 dollar yüksək olacaq.

Qeyd edək ki, aprel ayı üzrə müqavilələrdə qiymət fərqi cəmi 2,5 dollar idi. Bloomberg tərəfindən sorğulanan ekspertlər may ayında artımın daha kəskin - təxminən 40 dollar olacağını proqnozlaşdırırdılar.

Neftin bahalaşması Yaxın Şərqdə davam edən hərbi qarşıdurma və strateji əhəmiyyətli Hörmüz boğazının bağlanması ilə əlaqələndirilir. Bu vəziyyətdən sonra Səudiyyə Ərəbistanı enerji resurslarının Asiyaya çatdırılması üçün alternativ marşrutdan - Bab əl-Məndəb boğazı üzərindən istifadə etməyə başlayıb.