02 aprel 2026 13:16
94

Avropa Komissiyası "Signal" çatını kibertəhlükə narahatlığına görə silib - "Politico"

Avropa Komissiyası yüksək vəzifəli əməkdaşlarına "Signal" messencerində yaradılmış qrup çatını bağlamağı tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri qurumun üç əməkdaşına istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, həmin qrupda departament rəhbərləri və onların müavinləri iştirak edib. Avropa Komissiyası bu çat barədə ötən ay məlumat əldə edib və daha sonra onun silinməsini tələb edib. Həmsöhbətlərdən biri bildirib ki, çatın sındırılması və ya yazışmaların ələ keçirilməsi ilə bağlı konkret sübut yoxdur. Lakin messencerlərin təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar səbəbindən belə qərar verilib.

Eyni zamanda, üç mənbə təsdiqləyib ki, komissarların kabinet üzvləri və digər yüksək vəzifəli şəxslər "Signal" tətbiqində PIN-kod daxil etməyə çağıran mesajlar alıblar. Bu mesajlar fişinq cəhdi kimi qiymətləndirilib.

Qeyd olunur ki, Avropa Komissiyası son dövrlərdə artan kiberhücum risklərini ciddi qəbul edir, kibertəhlükəsizlik üzrə geniş yoxlamalar aparır və əməkdaşların istifadə etdiyi telefon və digər cihazları mütəmadi olaraq yeniləyir.