Azərbaycan minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəyyən ərazilərində insanların həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Hazırda minatəmizləmə əməliyyatları Böyük Qayıdış Proqramının əsas tərkib hissələrindən biridir və bu fəaliyyət yalnız təhlükəsizlik baxımından deyil, həm də sosial-iqtisadi inkişaf və əhalinin doğma yurdlarına qayıdışı üçün ilkin şərtdir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabr ayından 2026-cı ilin 10 mart tarixinədək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunan digər qurumlar tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 256 204 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. 41 056 ədəd piyada əleyhinə mina, 23 106 ədəd tank əleyhinə mina və 177 308 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 241 470 ədəd mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.
Ermənistanın mina terroru çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə vətəndaşın əlilliyinə səbəb olur. Aprelin 1-də Ağdərə rayonu ərazisində növbəti mina partlayışı hadisəsi baş verib. Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. Belə ki, sakin Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb. O, keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Göründüyü kimi, Ermənistanın dəqiq mina xəritələrini ölkəmizə verməməsi səbəbindən vətəndaşlarımız mina terrorunun qurbanına çevrilir, həlak, yaxud əlil olurlar. 2021-ci ildə Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair Ermənistan tərəfindən verilmiş məlumatların dəqiqliyi cəmi 25 faiz təşkil edib. 2024-cü ilin fevralında Ermənistanın Azərbaycana təqdim etdiyi növbəti mina sahələrinə dair 8 ədəd formulyarda da məlumatların əvvəlkilər kimi qeyri-dəqiq, etibarsız və natamam əks edildiyi məlumdur.
Mina təhlükəsi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə, insanların dədə-baba torpaqlarına geri qayıdışına da ciddi maneə yaradır. Minaların təmizlənməsi üçün müəyyən edilən 25 il vaxtdan isə cəmi altı il keçib. Ekspertlərin fikrincə, minatəmizləmə prosesi bu templə davam edərsə, bundan sonra hələ 20 ilə də ehtiyac olacaq. İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin köçü və bərpa-quruculuq işləri ilə əlaqəli şəkildə həyata keçirilir. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkət həyata keçirir. İşlərin sürətli və daha da təhlükəsiz aparılması üçün “İmprotex” Şirkətlər Qrupu tərəfindən bir neçə il öncə “Made in Azerbaijan” brendi adı altında istehsal olunan “Revival P” mexaniki minatəmizləmə maşınları Minatəmizləmə Agentliyinə təhvil verilib. Beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə vasitələri piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir. Minatəmizləmə metodologiyalarından biri olan mexaniki minatəmizləmə vasitələri əməliyyatların səmərəli və təhlükəsiz yerinə yetirilməsi baxımından ən başlıca vasitələrindən biridir. “Revival P” piyada əleyhinə mexaniki minatəmizləmə vasitələri 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. Müəyyən edilmiş standartlar əsasında mexaniki vasitələrin ön hissəsində yerləşdirilən toxmaqlar vasitəsilə torpağın döyəclənməsi çətin ərazi relyefində əməliyyatların aparılmasını təmin edir. Maşınların uzaqdan idarə olunması heyətin təhlükəsizliyinə zəmanət verir. “Revival P” minatəmizləmə vasitələri ”Böyük Qayıdış” proqramı çərçivəsində icra edilən bərpa-quruculuq, habelə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz geridönüşü məqsədilə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə böyük töhfədir.
Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.
Sevinc Azadi, “İki sahil”