Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarixi Yaddaşın Həqiqətləri – 31 Mart” adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 1918-ci il mart soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, 1918-ci ilin mart hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciənin dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifə olaraq qalır. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi həqiqətlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.
Daha sonra “31 Mart – Azərbaycanlıların soyqırımı” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Ağsaqqallar Şurasının sədr müavini, partiya veteranı Eldar İsmayılov, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, partiya fəalı Aygün Zülfüqarlı və tələbə Vüqar Tağıyev 1918-ci il mart hadisələrinin tarixi-siyasi mahiyyətindən bəhs edərək, bu faciənin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda qeyd olunub ki, gənc nəsil milli tariximizi dərindən bilməli, tarixi həqiqətlərin təbliğində fəal iştirak etməlidir.
Sonda tədbirin əhəmiyyəti bir daha vurğulanıb, tarixi yaddaşın qorunmasının hər bir vətəndaşın borcu olduğu qeyd edilib.