Milli Məclisin deputatı Anar Məmmədov YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Mehdiyev Qaçay Şubay oğlunun anası Mehtiyeva Zeynəb Qəşəm qızının yas mərasimində iştirak ediblər. Onlar mərhumənin yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
“İki sahil” xəbər verir ki, şəhidin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Qaçay Şubay oğlu Mehdiyev 28.11.1964-cü ildə Tərtər şəhərində anadan olmuşdur. O, 1980-ci ildə şəhər 3 nömrəli 8 illik məktəbini bitirmiş, sonra Ağdam rayonunda sürücülük ixtisası üzrə kursda oxumuşdur. 1982–1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətdən qayıtdıqdan sonra bir müddət sürücü işləmiş, 1990-cı ildə Tərtər rayonunda polis sıralarına serjant kimi qəbul olunmuşdur. Qaçay erməni silahlı quldur dəstələrinə qarşı ilk döyüşünü Kəlbəcər rayon ərazisində aparmış, sonralar müxtəlif bölgələrdə vuruşmuşdur. Qaçay Mehtiyev 30.09.1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.