25 mart 2026 18:50
106

Aİ Ukraynaya qarşı təcavüz üzrə xüsusi tribunalın təsisçisi olacaq

Avropa Komissiyası Rusiya təcavüzü ilə əlaqədar olaraq Avropa İttifaqının (Aİ) Ukrayna üzrə xüsusi tribunala ("Special Tribunal for the Crime of Aggression against Ukraine") təsisçi qismində qoşulması prosesinə təşəbbüs edib.

Bu barədə "Report"un Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

Məlumatda bildirilib ki, bu qərar üzv dövlətlər tərəfindən təsdiqləndikdən sonra Aİ tribunala təsisçi qismində qoşulması barədə rəsmi bildiriş verəcək və rəhbər komitədə iştirak da daxil olmaqla onun işində əsas rol oynayacaq.

Tribunal Ukraynaya qarşı cinayətlərə görə Rusiyanın ali siyasi və hərbi rəhbərliyinin təqib edilməsi üçün mandat almağı planlaşdırır və 2025-ci ilin iyununda Ukrayna tərəfi ilə imzalanmış saziş əsasında Avropa Şurası çərçivəsində yaradılır.

Aİ diplomatiyasının rəhbəri Kaya Kallas münaqişə şəraitində ədalət mühakiməsinin vacibliyini vurğulayıb. Bəyanatda Kallasın bu sözləri yer alıb: "Təcavüz qurbanları üçün ədalət dayanıqlı sülhə gedən doğru yoldur. Beynəlxalq hüququn tarixi təzyiqlə üzləşdiyi bir şəraitdə cavab məsuliyyətin azaldılması deyil, daha böyük məsuliyyət olmalıdır".

Avropa Komissiyasında qeyd edilib ki, Aİ artıq tribunalın hüquqi bazasının hazırlanmasında aparıcı rol oynayır və təşəbbüsü, o cümlədən maliyyə cəhətdən dəstəkləyir.