25 mart 2026 00:07
61

Qazaxıstan Xəzər vasitəsilə neft ixracını şaxələndirir

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Bakı-Tbilisi-Ceyhan sistemindən istifadə etməklə inkişafı Qazaxıstanın energetika naziri Erlan Akkenjenovun Hyustonda keçirilən “CERAWeek” konfransı çərçivəsində ABŞ-li həmkarı Kristofer Raytla görüşünün gündəliyinə daxil edilib.

“İki sahil”in Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamət üzrə Qazaxıstan neftinin daşınması həcminin yaxın perspektivdə illik 2,1 milyon tona çatacağı gözlənilir. Danışıqların əsas mövzuları qlobal enerji təhlükəsizliyi, alternativ ixrac dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığının möhkəmləndirilməsi olub.

Qazaxıstanın energetika naziri ABŞ investorları ilə birlikdə Xəzər dənizinin nəqliyyat potensialından karbohidrogen xammalının beynəlxalq bazarlara çatdırılması üçün maksimum səmərəli istifadə etməyə hazır olduğunu bildirib. Akkenjenov qeyd edib ki, Qazaxıstan zəngin təbii resurslara malikdir və texnoloji tərəfdaşlığın dərinləşdirilməsinə açıqdır.