21 mart 2026 23:53
134

Sumqayıtdakı partlayışda tüstüdən zəhərlənən 11 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.