2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin tanıdılması ilə məşğuldur, dil müxtəlifliyinin inkişafına və teatr peşəkarlarının dəstəklənməsinə töhfə verir.
EURODRAM Martın 21-də orijinal pyeslərin seçiminin nəticələrini açıqlayıb.
“İki sahil” xəbər verir ki, CHARACTERS Müasir Dramaturgiya Hərəkatı çərçivəsində fəaliyyət göstərən EURODRAM-ın Azərbaycan Komitəsi də qərarını təqdim edib.
CHARACTERS-in bədii rəhbəri və Azərbaycan Komitəsinin koordinatoru İsmayıl İmanın sözlərinə görə, EURODRAM ilə əməkdaşlıq 2023-cü ildə CHARACTERS-in fəaliyyətə başlamasından dərhal sonra qurulub. Həmin dövrdə EURODRAM-ın Azərbaycan Komitəsinin fəaliyyəti də bərpa olunub. “CHARACTERS hər il ən yaxşı dramaturji mətnləri seçir, növbə ilə həm orijinal Azərbaycan pyeslərini, həm də xarici pyeslərin Azərbaycan dilinə tərcümələrini qiymətləndirir. Bu il münsiflər heyətimiz üç orijinal pyes seçdi, bu barədə biz martın 10-da - Milli Teatr Günündə elan etdik. EURODRAM üçün seçilmiş pyeslər CHARACTERS-in qərarını təkrarlayır”.
EURODRAM-ın Azərbaycan Komitəsinin seçimi:
1-ci yer – Jalə İsmayıl, “Quyuda bitən qamışın monoloqu”;
2-ci yer – Abdulla Elşadlı “_”;
3-cü yer – Hacı Səfərov, “Eyay”.
İsmayıl İmanın sözlərinə görə, həm orijinal, həm də tərcümə pyesləri üzrə müsabiqələrin müntəzəm keçirilməsi prosesi canlandırmağa xidmət edir. Bu, bir tərəfdən müasir dramaturgiyanın inkişafına və yeni pyeslərin Azərbaycan teatr məkanına daxil olmasına, digər tərəfdən isə Azərbaycan dramaturgiyasının xaricdə tanınması imkanlarının genişlənməsinə şərait yaradır.
2026-cı ilin aprel ayında CHARACTERS qalib pyeslərin oxunuş proqramını bir neçə məkanda həyata keçirməyi planlaşdırır. Bu tədbirlər çərçivəsində qaliblərə sertifikatların təqdimatı da keçiriləcək.
İstanbulun Topqapı Mədəniyyət Parkında Azərbaycan evinin yenilənmədən sonra açılışı olub
Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram