Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə İstanbulun Topqapı Mədəniyyət Parkında yerləşən Azərbaycan evinin yenilənmədən sonra rəsmi açılışı olub.
“İki sahil” xəbər verir ki, “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyində yerləşən Azərbaycan evi Novruz bayramı tədbirləri çərçivəsində təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edənlər Türkiyə-Azərbaycan arasındakı qardaşlıq bağları, ortaq tarixi və bəşəri dəyərlərimiz, Qarabağ və Çanaqqala zəfərləri və Azərbaycan evində nümayiş olunan, milli dəyərlərimizi əks etdirəm atributlar barədə danışıblar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi qurumun Azərbaycanın zəngin mədəniyyəti və tarixini tanıtmaq məqsədi daşıdığını deyib: “Azərbaycan evinin yenidən qurularaq mədəniyyətlərin qovuşduğu tarixi İstanbul şəhərində ziyarətçilərə təqdim olunması olduqca əhəmiyyətlidir. Bura ölkəmiz, onun mədəniyyəti, tarixi və ümumiyyətlə, mənəvi dəyərləri ilə maraqlanan bütün ziyarətçilər üçün ən əlçatan məkandır”.
Qeyd edək ki, məkanda dövlətçiliyimiz, tariximiz, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfər və milli mədəniyyətimizə dair guşələr yer alıb. Buradakı xüsusi bölmələrə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarları həkk edilib, 44 günlük Vətən müharibəsinə həsr edilən guşə yaradılıb.
Azərbaycan evində milli musiqi alətlərimiz, milli geyimlərimizin maketlər üzərində nümunələri, xalçalar, kəlağayılar, müxtəlif əl işləri, tarixiin müxtəlif dövrlərinə aid döyüş vasitələri, dövlət rəmzlərimiz, Azərbaycan mədəniyyəti və turizm bölgələrinin gözəlliklərinin əks olunduğu fotoşəkillər sərgilənir. Evin pəncərələri milli motivlərlə hazırlanmış şəbəkə ilə bəzədilib.
Bundan əlavə, məkanın kitabxana bölümü Azərbaycanın dövlətçiliyi, tarixi, milli mədəniyyətinə dair nəşrlərlə yenilənib.
Xatırladaq ki, türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri də İstanbulda yerləşən “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyidir. Topqapı Mədəniyyət Parkının ərazisində yerləşən bu məkanda türkdilli dövlətlərə məxsus evlər, qazax və qırğız çadırları, orijinal ölçülərdə hazırlanmış Orxon abidələri, Bakının incisi olan Qız qalası və Qırğızıstanda yerləşən Bulana qülləsinə aid maketlər də muzeydəki eksponatlar arasındadır.
Səfir: Novruz bayramının bütün Türk dünyası üçün xeyirli və uğurlu olmasını arzulayıram
Mədəniyyət naziri: ICESCO ilə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün xüsusi önəm daşıyır