21 mart 2026 14:57
111

Muğanlı–İsmayıllı avtomobil yolunun mühafizə zolağında torpaq sürüşməsi baş verib

Ağsu rayonunda torpaq sürüşməsi qeydə alınıb.

Hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində baş verib. Nəticədə yolun mühafizə zolağında torpaq sürüşməsi yaranıb, dərin yarğanlar əmələ gəlib. Bununla belə, yolun hərəkət hissəsində hər hansı problem müşahidə olunmur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, sürüşmə hadisəsi yolun hərəkət hissəsində deyil, mühafizə zolağında qeydə alınıb. Onun sözlərinə görə, aparılan ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib.

AAYDA-nın rəsmisi əlavə edib ki, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb. Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ qaydada tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işləri başa çatdırılacaq.

Qeyd edək ki, hazırda bayram günləri ilə əlaqədar olaraq paytaxtdan regionlara doğru nəqliyyat axını artıb və sözügedən istiqamətdə də avtomobil sıxlığı müşahidə olunur.

AZƏRTAC