Elə isə musiqi dinləyin
Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, musiqi yalnız mədəni ifadə vasitəsi deyil, həm də insan sağlamlığı və beyin fəaliyyətinə müsbət təsir göstərən amillərdən biridir. Alimlər musiqinin həm fiziki, həm də psixoloji vəziyyətə təsirini daha yaxşı anlamaq üçün müxtəlif tədqiqatlar aparıb və yeni nəticələr əldə ediblər. Araşdırmalara görə, musiqi dinləməyin bir sıra mühüm faydaları var.
Sağalma prosesini sürətləndirə bilər

2024-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı California Northstate Universitetinin Tibb fakültəsinin tədqiqatçıları tərəfindən aparılan meta-analiz göstərib ki, əməliyyatdan sonra musiqi dinləmək xəstələrin ağrıları əhəmiyyətli dərəcədə azaldır. Ümumilikdə 35 elmi işi əhatə edən araşdırma nəticəsində məlum olub ki, musiqi, həmçinin ürək döyüntüsünün sürətini aşağı sala, anesteziyadan oyanma mərhələsində yaşanan stressi azalda və narahatlıqla əlaqəli kortizol səviyyəsini aşağı sala bilər.
Demensiya riskini azalda bilər
2025-ci ildə Avstraliyanın Melburn şəhərindəki Monash Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticəsi musiqinin demensiya riskinin azalması ilə əlaqəli ola biləcəyini göstərib. Araşdırmada 70 yaşdan yuxarı 10 min 893 nəfər iştirak edib. Nəticələrə əsasən, mütəmadi olaraq musiqi dinləyən şəxslərdə demensiyanın inkişaf riski musiqi dinləməyən və ya nadir hallarda dinləyənlərlə müqayisədə 39 faiz daha aşağı olub. Eyni zamanda, hər hansı musiqi alətində ifa edən şəxslərdə bu riskin təxminən 35 faiz az olduğu müəyyən edilib.
Beynin plastikliyini artırır
Beynin yeni bacarıqlar öyrənmək və dəyişən şəraitə uyğunlaşmaq qabiliyyəti “beyin plastikliyi” adlanır. Tədqiqatlar göstərir ki, musiqi ilə məşğul olmaq bu qabiliyyətin güclənməsinə kömək edə bilər. Harvard Universitetinin alimləri tərəfindən hazırlanan və 2010-cu ildə “Neuroscientist” jurnalında dərc olunan araşdırmaya görə, xüsusilə erkən yaşlarda musiqi təhsili alan uşaqlarda beyin plastisliyi daha güclü inkişaf edir. Araşdırmalar, həmçinin göstərir ki, musiqi alətində ifa edən uşaqlarda beynin iki yarımkürəsi arasındakı əlaqəni təmin edən sahələr daha yaxşı inkişaf edir və bu da onların zehni qabiliyyətlərinə müsbət təsir göstərir.
Canlı musiqi beyinə daha güclü təsir edir
Rəqəmsal platformalarda dinlənilən musiqinin də müsbət təsirləri olsa da, bəzi araşdırmalar canlı musiqinin beyinə daha güclü təsir göstərə biləcəyini göstərir. Sürix Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada canlı konsertlərin qeydə alınmış musiqi ilə müqayisədə beyində daha güclü və sabit neyroloji reaksiyalar yaratdığı müəyyən edilib. Tədqiqat zamanı iştirakçıların həm qeydə alınmış fortepiano musiqisini, həm də canlı ifanı dinləyərkən beyin fəaliyyətləri ölçülüb. Nəticələr canlı musiqinin emosiyaların formalaşması ilə əlaqəli beyin sahələrində daha yüksək aktivlik yaratdığını ortaya qoyub.
Şahnigar Əhmədova, “İki sahil”