14 mart 2026 11:28
285

Bakı Qlobal Forumu: “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” -  YENİLƏNİB

Martın 14-də XIII Qlobal Bakı Forumunun üçüncü günündə BMT-Habitat və SCUPA ilə birgə “Mənzil məsələləri üzrə qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər” mövzusunda panel iclası keçirilib.

“İki sahil” xəbər verir ki, BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinozanın moderatorluğu ilə keçirilən iclasda dünyanın bir çox şəhərlərində mənzil böhranı, sosial və iqtisadi problemlərlə bağlı yaşayış yerlərinin əlçatmazlığı və bu sahədə sistemli dəyişikliklərin həyata keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

BMT-Habitatın icraçı direktoru Anaklaudia Rosbax bildirib ki, bir çox şəhərlərdə insanlar sağlam və təhlükəsiz olmayan şəraitdə yaşayır, bəzi yaşayış məntəqələrində isə rəsmi ünvanların olmaması sakinlərin iş tapmasını və biznes qurmasını çətinləşdirir.

Anaklaudia Rosbax qeyd edib ki, mənzil əlçatanlığı problemi xüsusilə gənclər və yaşlı insanlar üçün daha qabarıq hiss olunur. Onun sözlərinə görə, bir çox ölkələrdə gənclər ev almaq və ya kirayə götürmək imkanına malik deyil, yaşlı insanlar isə artan xərclər səbəbindən mövcud yaşayış yerlərində qalmaqda çətinlik çəkirlər.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev qeyd edib ki, beynəlxalq ictimaiyyət mürəkkəb keçid dövrlərindən keçərkən belə platformalar dialoqun təşviqi, etimad mühitinin yaradılması və kollektiv həll yollarının müəyyən olunması üçün vacibdir. Builki Forumun mövzusu zamanımızın əsas reallıqlarını əks etdirir. Biz dərin geosiyasi dəyişiklikləri, texnoloji transformasiyaları və artan iqlim çağırışlarını müşahidə edirik.

London Sitinin lord meri Michael Mainelli deyib ki, London böyük bir metropol olsa da, qarşılaşdığımız məsələlər lokal xarakter daşıyır və onların aradan qaldırılması üçün yerli iqtisadiyyatın stimullaşdırılması vacibdir. Şəhərlərdəki mövcud problemlər qlobal deyil, məhz yerli səviyyədə həll olunmalıdır.

UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli vurğulayıb ki, mənzil təminatı sadəcə iqtisadi artımın nəticəsi deyil, fundamental insan hüququ kimi də qəbul edilməlidir. Şəhər şəbəkələri Dayanıqlı İnkişaf Məqsədlərinin yerli səviyyədə həyata keçirilməsində, BMT sistemi ilə əməkdaşlığın gücləndirilməsində və yerli idarəetmə orqanlarının potensialının artırılmasında mühüm rol oynayır.

Rumıniya Prezident Administrasiyasının Xarici siyasət, strateji tərəfdaşlıqlar və xaricdə yaşayan rumınlar üzrə müşaviri, Rumıniyanın Baş nazirinin müavini, sabiq ədliyyə naziri Ana Birchall çıxışında bildirib ki, son illərin siyasətinə nəzər salsaq, hökumətin vədlər verməkdən daha çox, konkret nəticələr arxitekturasına keçid etdiyi müşahidə olunur. “Bu prosesdə resurslar çox vacibdir. Məskunlaşma üçün müvafiq büdcə ayrılmalıdır. Evlə təminat və məskunlaşma məsələsi gələcəyin qurulması üçün mühüm bir məqamdır.

Burada qısamüddətli baxış kifayət deyil. Məskunlaşma 10-12 illik bir müddəti əhatə edir və bu istiqamətdə mütləq struktur islahatlar aparılmalıdır”, - deyə sabiq Baş nazir əlavə edib.