11 mart 2026 19:20
139

Əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək

Prezident İlham Əliyevin tapşırığı ilə İran xalqına humanitar yardımın göndərilməsi strateji tərəfdaşlığın, eləcə də mərhəmətin və mənəvi dəyərlərə verilən önəmin əyani təzahürüdür

Beynəlxalq problemlərin həllində fəal iştirak edən, onların dialoq yolu ilə aradan qaldırılması yönündə ardıcıl səy göstərən Azərbaycan hər zaman ehtiyacı olan ölkələrə maliyyə və humanitar yardımlar göstərir. Bu günlərdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilib. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb. Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları daxildir. Göndərilən yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir. Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub. Prezident İlham Əliyevin tapşırığı ilə İran xalqına humanitar yardımın göndərilməsi strateji tərəfdaşlığın, eləcə də mərhəmətin və mənəvi dəyərlərə verilən önəmin əyani təzahürü kimi diqqət çəkir.

Xatırladaq ki, Azərbaycan bu yanaşmanı 2011-ci ildə  humanitar strategiya siyasəti kimi rəsmiləşdirərək Xarişi İşlər Nazirliyi çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA-Azerbaijan İnternational Development Agency) təsis etmişdir. Agentliyin əsas məqsədi zərərçəkən ölkələrin içməli su, ərzaq, dava-dərman, təmizlik ləvazimatı, tibbi yardım, müvəqqəti sığınacaqlar kimi ən ümdə ehtiyaclarını vaxtında və səmərəli şəkildə qarşılamaqdır. Həmin  ildən etibarən AİDA tərəfindən  Asiya, Afrika, Latın Amerikasının 100-dən çox ölkəsinə ərzaq, dərman, təhsilyönümlü və digər humanitar sahələrdə yardımlar edilmişdir. Məsələn, bəzi ölkələrdə xüsusi proqram çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri pulsuz müayinələr aparmış, zəruri hallarda katarakta və qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmışlar. Daha bir fakt: 2014-cü ildə  Serbiya və Bosniya Herseqovina leysan yağışları üzündən daşqınlara məruz qalmışdı. Bəzi yerlərdə yaşayış məntəqələrindəki  insanları təxliyə etmək məcburiyyəti yaranmışdı. Həm humanitar yardım, həm də təxliyə prosesi agentlik tərəfindən zamanında aparıldığına görə bölgədə fəlakətin acı nəticələri həddindən artıq olmamışdı. Dünyanı çənginə almış COVID-19 pandemiyasına qarşı mübarizə zamanı da Azərbaycan dünyaya örnək olası addım atmışdır - humanitar yardıma ehtiyac duyan ölkələrə təmənnasız kömək əlini uzatmışdır. Pandemiya dövründə dövlətimiz onlarla ölkəyə vaksin göndərmiş və bunun sayəsində çoxlu sayda insanın həyatı xilas olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün beynəlxalq donor ölkə kimi çətin günün dostudur.

Məlumdur ki, iqlim dəyişikliyi bəşəriyyət üçün böyük bir təhdiddir və o, su qıtlığı, ərzaq çatışmazlığı, məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. Dünyanın kiçik ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün hər zaman yer üzündən silinmək təhlükəsi ilə üzləşirlər. Odur ki, Azərbaycan həmin ölkələrə, eləcə də Qoşulmama Hərəkatının ehtiyacı olan üzv dövlətlərinə müntəzəm olaraq maliyyə və humanitar yardımları göstərir. Təkcə pandemiyadan sonra Afrika və inkişaf edən kiçik ada ölkələrinə Azərbaycan donor ölkə kimi 1 milyon dollar məbləğində vəsait ayırmışdır. Bura Azərbaycanın 2023-cü ildə Moldovadakı ukraynalı qaçqınların ehtiyaclarının qarşılanması üçün 1,7 milyon manatlıq humanitar yardımı, Ukraynaya dəfələrlə göndərdiyi dərman vasitələrini və ərzaq məhsullarını da əlavə etsək, dövlətimizin humanitar siyasəti daha aydın görünər.

2023-cü il fevralın 6-da Türkiyədə baş verən zəlzələ vaxtı qardaş ölkəyə ilk yardım edən də məhz Azərbaycan oldu. Fəlakət vaxtı 40 mindən çox insanın həlak olması, dağıntıların böyüklüyü ürəkparçalayan mənzərə yaratmışdı. Belə bir vaxtda Azərbaycan kənarda qala bilməzdi və qalmadı da. Xalq və dövlət ayağa qalxdı. Qısa vaxtda - cəmi ay yarım ərzində ölkəmizin humanitar maliyyə yardımının ümumi məbləği 76,3 milyon manat oldu. 6665 çadır, 145 konteyner  tipli modul ev, iki səhra  hospitalı və 4 səhra mətbəxi qurularaq qardaş ölkəyə göndərildi. Bundan başqa, 786 elektrik generatoru, 11,3 min qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min dəst isti paltar, 252 ton yanacaq çatdırıldı. Bu rəqəmlər təbii ki, dövlətin rəsmi göstəriciləridir. Xalqın şəxsi təşəbbüsü ilə baş tutan yardım kampaniyasının davam etdiyi günlərdə azərbaycanlıların insanpərvərliyi, humanizmi, mərhəmət və şəfqətinin nə qədər aşıb-daşdığını da dünya gördü.

Azərbaycan iqtisadi müstəqilliyini çoxdan təmin edib. Həmin təminat ölkəmizin maliyyə imkanlarının artmasında da özünün göstərir. Məhz bu maliyyə imkanları hesabına Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini xaricdən yardım almadan özü həyata keçirir. Üstəlik, ehtiyacı olanlara yardım əlini uzadır, adını inkişaf etmiş qoyub yalnız özünü fikirləşən ölkələrdən fərqli olaraq heç bir xalqdan, heç bir dövlətdən köməyini əsirgəmir. Bununla bir daha sübut edir ki, dövləti dövlətli edən həm də onun humanitar siyasətidir.

Sevinc Azadi, “İki sahil”