Martın 6-da İtaliya Respublikasının baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
Xarici İşlər Nazirliyindən “İki sahil”ə bildirilib ki, telefon danışığı zamanı tərəflər regionda yaranmış təhlükəsizlik vəziyyəti, xüsusilə də İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş bu cür hücumların qəbuledilməz olduğunu vurğulayaraq, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı addımın beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Bildirib ki, mülki əhali və infrastruktur üçün risk yaradan bu kimi hərəkətlər regionda təhlükəsizlik və sabitliyə ciddi təhdid doğurur.
Nazir Antonio Tajani mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, həmrəyliyini bildirib. O, regionda sabitliyin bərpa olunmasının əhəmiyyətini qeyd edib.
Antonio Tajani İtaliya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə təxliyəsinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Göstərilmiş dəstəyin yüksək qiymətləndirildiyini bildirib.
Telefon danışığı zamanı tərəflər, həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.