06 mart 2026 13:16
132

Vüsal Qasımlı BVF-nin regional direktorunu qəbul edib

İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Texniki Yardım Mərkəzinin (IMF CCAMTAC) direktoru Holger Floerkemeier ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Vüsal Qasımlı Holger Floerkemeieri BVF-də məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb və yeni vəzifəsində regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, müasir iqtisadi təhlil yanaşmaları, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində tətbiq olunan metodologiyalar barədə fikir mübadiləsi aparılıb.

İİTKM-in icraçı direktoru Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilən iqtisadi tədqiqatlar və ölkədə qəbul olunmuş strateji sənədlərin icrasının monitorinqi və qiymətləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, xüsusilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritetlərin icrasının monitorinqi, nəticələrin analizi və dövlət idarəetməsində məlumat əsaslı qərarvermə mexanizmlərinin tətbiqi barədə danışıb.

Holger Floerkemeier çıxışı zamanı iqtisadi təhlildə istifadə olunan müasir metodlar, qlobal iqtisadi tendensiyalar və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə dövlət proqramlarının icrasının izlənilməsi üçün yaradılmış rəqəmsal platformalar, analitik alətlər və məlumat əsaslı idarəetmə yanaşmaları barədə də müzakirələr aparılıb.