06 mart 2026 13:00
237

Yaradıcılıq siması

(Adilə Aslanova. Otuzuncu vərəq (şeirlər və poemalar)

Tanınmış bölgə şairəsi Adilə Aslanova “Otuzuncu vərəq” şeir kitabı ilə ideya-estetik cəhətdən zənginləşdi, onun yaradıcılığı dil-üslub cəhətdən yeni keyfiyyətlər qazandı. Bununla da bədii ləyaqət səviyyəsinə yüksələ bildi və bu gediş həlledici estetik prinsiplərdən birinə çevrildi, şairə ömrünün deyil, bir xalqın taleyinin poetikası oldu. Adilə Aslanova bu kitabda sözün yükünü çiyinlərinə daşıyaraq həm qadın həssaslığını, həm vətəndaş mövqeyini, həm də milli yaddaşı eyni poetik müstəvidə birləşdirmək bacarığına sahib oldu. Bir poemasından götürülmüş “Otuzuncu vərəq” adı simvolikdir: Poema Aprel döyüşlərində, bayrağımızı Lələtəpədə ucaldan Vətən müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun əziz xatirəsinə həsr olunmuşdur:

O, bayraq ucaldır Lələtəpədə, Böyük qələbəyə addım atılır.

İsmayıl bu döyüşlərdə düşmən arxasına keçir, uğurlu taktika və planla düşməni məğlub edir.

Ata və ananın, bütün kəndin intizarı, nigaranlığı poemada öz poetik əksini tapa bilmişdir.

Otuzuncu vərəq onun otuz yaşında şəhidlik zirvəsinə yüksəldiyini göstərir. O, bütün şəhidlər kimi, evdən getmədi, eldən getdi.

Bu fikir, ömrün yetkin çağının, düşüncənin yetkinləşmiş mərhələsinin, təcrübə ilə yoğrulmuş sözün ifadəsidir. “Otuzuncu vərəq”in baçlıca fikir xətti vətən sevgisi, itirilmiş torpaqlarının geri qaytarılması və tarixi yaddaşdır.

“Xocalıya açılacaq bu sabah” şeirində kədərlə ümid yanaşı dayanır. Xocalı kədərin zirvəsidir, amma şair bu zirvədə dayanıb qaranlığı yox, açılacaq sabahı görür. Həsrət gözü Xankəndidən keçir, Əsgərana çatır, qızlar gəlin köçəcək. 

“Azərbaycan, Zəfər Günün mübarək!” şeiri qələbəsi ilə ibrət verən həmin sabahın gerçəkləşmiş formasıdır. Burada poetik intonasiya dəyişir – kədərin yerini qürur, nisgilin yerini sevinc alır.

“Azərbaycan Zəfər Günün mübarək!” şeiri vətənpərvərlik ruhunda yazılmış, Qələbə sevincini, milli qüruru və tarixi ədalətin bərpasını poetik dillə ifadə edən bir əsərdir. Şeirdə müəllif birbaşa Azərbaycana müraciət edir, onu təbrik edir və bu qələbəni xalqın birliyi, igidliyi və şəhidlərin qanı bahasına qazanılmış müqəddəs zəfər kimi təqdim edir.

“Otuzuncu vərəq” milli ruhun, qadın iradəsinin və şair məsuliyyətinin bədii ifadəsidir. Bu kitabda Şuşanın qüruru, Xocalının harayı, zəfərin sevinci, qadının gücü və insanın daxili kədəri bir araya gəlir.

Belə düşündüm ki, A.Aslanova şairlik imtiyazını yalnız şeir yazmaqla bitirmir, yeni ideya daxilində təsdiqini tapan sənətkarlıq səviyyəsinə görə bu adı daşıyır. O, insan ruhunun sonsuz dərinliklərində mənəviyyatın, haqq-ədalətin, cəmiyyətin və dövlətin nüfuz edə bilmədiyi sirli aləmdir.

  Adilə Aslanovanın bu şeir kitabı göstərir ki, söz yalnız yazılmır – yaşanır. Və otuzuncu vərəq əslində bir son deyil; bu, yeni başlanğıcın, oyanışın və yaddaşın əbədi davamının poetik işarəsidir.

 

İSMAYIL KAZIMOV

 filologiya elmləri doktoru, professor