Dünya Piylənmə Federasiyası (WOF) tərəfindən yayımlanan son hesabata görə, hazırda dünyada təxminən 180 milyon uşaq piylənmədən əziyyət çəkir. Federasiyanın proqnozlarına əsasən, mövcud tendensiya davam edərsə, 2040-cı ilə qədər bu rəqəm 227 milyona yüksələcək. Hesabat 4 mart – Ümumdünya Piylənmə ilə Mübarizə Günü münasibətilə təqdim olunub və qlobal səhiyyə üçün ciddi xəbərdarlıq xarakteri daşıyır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
WOF-un məlumatına görə, uşaq piylənməsi artıq təkcə yüksək gəlirli ölkələrin problemi deyil. Avstraliya, Yunanıstan və Argentina kimi inkişaf etmiş və orta gəlirli ölkələrlə yanaşı, Papua–Yeni Qvineya, Albaniya və Əlcəzair kimi daha aşağı gəlirli ölkələrdə də yüksək göstəricilər müşahidə olunur. Bu isə problemin qlobal xarakter aldığını göstərir.

Mütəxəssislər bildirirlər ki, uşaqlarda artıq çəki erkən yaşlardan etibarən ürək-damar xəstəlikləri riskini artırır, 2-ci tip diabetin yaranmasına zəmin yaradır və qaraciyər patologiyalarına səbəb olur. Erkən mərhələdə yaranan bu sağlamlıq problemləri gələcəkdə səhiyyə sistemləri üçün daha ağır sosial və iqtisadi yük formalaşdırır.
Problemin əsas səbəbləri
WOF ekspertləri uşaq piylənməsinin bir sıra sistemli və sosial səbəblərdən qaynaqlandığını vurğulayırlar. Bunlara reproduktiv yaşda olan qadınlar arasında piylənmə və diabet hallarının artması, gələcək analar arasında siqaret istifadəsi, körpələrin kifayət qədər ana südü ilə qidalanmaması daxildir.
Eyni zamanda, uşaq bağçaları və məktəblərdə qeyri-sağlam qidalanma, şəkər və şəkər əvəzediciləri ilə zəngin məhsulların geniş istehlakı, fiziki aktivliyin azalması və ultra-emal olunmuş qidaların artan payı problemi daha da dərinləşdirir.
Federasiya hökumətləri və ictimai institutları kompleks tədbirlər görməyə çağırır. Ekspertlərin fikrincə, reproduktiv yaşda olan qadınlar və uşaqlar üçün erkən diaqnostika və müalicə mexanizmləri gücləndirilməli, siqaret və alkoqolizmə qarşı profilaktik proqramlar genişləndirilməlidir. Bununla yanaşı, məktəb və uşaq bağçalarının menyuları sağlam qidalanma standartlarına uyğunlaşdırılmalı, uşaqlar və yeniyetmələr arasında fiziki aktiv həyat tərzi təşviq olunmalıdır.
WOF-un hesabatı göstərir ki, uşaq piylənməsi artıq lokal deyil, qlobal miqyaslı bir epidemiya xarakteri alıb. Əgər vaxtında və sistemli addımlar atmasa, yaxın onilliklərdə bu problem səhiyyə sistemləri və iqtisadiyyatlar üçün daha ağır nəticələr doğura bilər. Problemin qarşısının alınması isə yalnız tibbi müdaxilə ilə deyil, həm də sosial, təhsil və qidalanma siyasətlərinin yenidən nəzərdən keçirilməsi ilə mümkündür.