03 mart 2026 22:18
114

Günün aktual problemi: Rəqəmsal mühitdə uşaqların qorunması

Bir neçə gün öncə Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir: “Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsi yeni imkanlarla yanaşı, həm də yeni risklər  yaradıb: “Xüsusilə uşaqlar və yeniyetmələr rəqəmsal təsirlərə daha həssas sosial qrup olduqları üçün, onlar əlavə müdafiə mexanizmlərinə ehtiyac duyurlar. Bu baxımdan Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ölkədə rəqəmsal transformasiyanın uşaqlara münasibətdə doğurduğu sosial nəticələrə sistemli yanaşmanı təmin edir.

Qeyd etmək lazımdır ki, son illər uşaqların sosial şəbəkələrə çıxış yaşı xeyli aşağı düşüb. Bu isə onları  yaşa uyğun olmayan zorakı məzmunla üzləşmək, sosial təcrid, psixoloji manipulyasiya, şəxsi məlumatların istismarı kimi problemlərlə üz-üzə qoyur. Beynəlxalq təşkilatların və elmi tədqiqat mərkəzlərinin araşdırmaları göstərir ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi yalnız fərdi məsuliyyətlə deyil, dövlət tərəfindən hüquqi və texnoloji mexanizmlərlə dəstəklənməlidir.

Media eksperti daha sonra bildirdi ki, Prezidentin Sərəncamına əsasən, Nazirlər Kabineti  qısa müddət ərzində müvafiq normativ-hüquqi aktların layihələrini hazırlayacaq: “Bu sənədlər sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqi də daxil olmaqla uşaqların müdafiəsini gücləndirən mexanizmləri əhatə edəcək. Bu mexanizmlər  sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasını, yaş filtrlərinin və təhlükəsizlik alətlərinin tətbiqini, şəxsi məlumatların daha ciddi qorunmasını və nəticə olaraq  sosial şəbəkələrin fəaliyyətinin daha sistemli hüquqi çərçivəyə salınmasını təmin edəcək.

Paralel olaraq təhsil sistemində yeni yanaşmanın tətbiqini bəzərdə tutur. Nazirlər Kabinetinə məktəbəhazırlıq və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyənləşdirilməsi tapşırılıb. Bundan əlavə, kurikulumlara rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzularının daxil edilməsi planlaşdırılır. Bu addımlar şagirdlərin tənqidi düşünmə bacarığını inkişaf etdirəcək; informasiya təhlükəsizliyi mədəniyyətini formalaşdıracaq və onlarda rəqəmsal risklərə qarşı immunitet yaradacaq.

Sərəncam valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının hazırlanmasını da nəzərdə tutur. Bu isə rəqəmsal təhlükəsizliyin yalnız inzibati deyil, sosial və mədəni yanaşma tələb etdiyini göstərir. Valideyn nəzarəti, məktəb mühiti və platformadaxili təhlükəsizlik mexanizmləri bir-birini tamamlayan elementlər kimi çıxış etməlidir. Yekun olaraq qeyd edə bilərik ki, Prezidentin bu Sərəncamı  rəqəmsal transformasiya dövründə uşaqların müdafiəsini dövlət siyasətinin prioritetinə çevrir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”