03 mart 2026 01:56
127

Saatlarla ekrana baxanlara XƏBƏRDARLIQ

Telefon, kompüter və planşet istifadəsinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi indiki dövrdə göz yorğunluğu və yuxu problemləri də daha geniş yayılmağa başlayıb. Mütəxəssislər bildiriblər ki, uzun müddət fasiləsiz şəkildə ekrana baxmaq və gözləri şüadan qoruyacaq tədbirlər görməmək ən ciddi səhvlərdən biridir. Xüsusilə rəqəmsal cihazlardan yayılan mavi işığa müntəzəm olaraq məruz qalmaq təkcə vizual rahatlığı deyil, eyni zamanda, orqanizmin bioloji ritmini və yuxu rejimini də pozur.

Optika üzrə türkiyəli mütəxəssis Medine Alıcı qeyd edib ki, mavi işığın təsirini azaltmaq üçün sertifikatlı və orijinal qoruyucu şüşələrdən istifadə etmək vacibdir. Onun sözlərinə görə, düzgün dalğa uzunluğunda filtrasiya yalnız gözün görmə keyfiyyətinə deyil, hormonal balansın qorunmasına da təsir göstərir. Mütəxəssis bildirib ki, mavi işıq filtri 440 nanometr səviyyəsində qoruma təmin etdikdə kifayət qədər effektiv sayılır. Lakin bazarda mövcud olan bəzi məhsullarda örtük qatının zəif olduğu və bunun xüsusi ölçü cihazları ilə aşkarlandığı vurğulanır.

Medine Alıcı əlavə edib ki, ekranın işıq tənzimləmələrini azaltmaqla mavi işığın təsirini müəyyən qədər zəiflətmək mümkündür. Lakin onu tamamilə aradan qaldırmaq mümkün deyil. Onun sözlərinə görə, keyfiyyətli filtrə malik eynəklər mavi işığın təsirini minimuma endirərək sirkadian ritmin, yəni gecə yuxunu tənzimləyən hormonun mexanizminin daha sabit qalmasına kömək edir. Bu təsir telefonun ekranında müşahidə olunan yüngül sarı tonla müqayisə edilir.

Mütəxəssis gözün sağlamlığının qorunması üçün təkcə eynəkdən istifadənin kifayət etmədiyini də vurğulayıb. Onun fikrincə, uzunmüddətli iş zamanı fasilələr vermək və açıq havada daha çox vaxt keçirmək vacibdir. Medine Alıcı bildirib ki, əgər iki saat fasiləsiz işlənilibsə, ən azı bir saatlıq ara verməklə göz əzələlərini dincəltmək mümkündür. Bu cür yanaşma “rəqəmsal göz yorğunluğu”nun və mümkün görmə problemlərinin qarşısının alınmasında mühüm rol oynayır.

Şahnigar Əhmədova, “İki sahil”