Kollagen orqanizmdə təbii olaraq sintez olunan ancaq yaş artdıqca azalan zülal növüdür.
Yeni elmi araşdırmaya görə, gündəlik kollagen tərkibli qida əlavələrinin qəbulu dərinin elastikliyini və nəmliliyini artıra bilər, lakin qırışların qarşısını almır. Alimlər mövcud elmi sübutları təhlil etdikdən sonra kollagen həbləri və ya tozlarının uzunmüddətli istifadəsi zamanı dəriyə müəyyən dərəcədə fayda verə bildiyindən əmin olduqlarını, lakin bu vasitələrin sürətli və ya möcüzəvi nəticə yaratmadığını söyləyirlər.
Təxminən 8000 nəfərin iştirak etdiyi 113 klinik tədqiqatın yekunlarına əsasən, qida əlavələri, həmçinin, oynaqlarda aşınma, zədələnməni, artritlə bağlı ağrıları və sərtliyi azalda bilər. Kollagen orqanizmdə təbii şəkildə sintez olunan zülal növüdür, lakin yaş artdıqca onun səviyyəsi azalır. Bu zülal dərini, dırnaqları, sümükləri və birləşdirici toxumaları — o cümlədən vətərləri və qığırdağı — dəstəkləyir və möhkəmləndirir.
Kollagen hər dərdin dərmanı deyil
Erkən yetkinlik dövründən etibarən orqanizmdə kollagen istehsalı azalır, mövcud kollagen isə daha sürətlə parçalanmağa başlayır.
Siqaret çəkmək və Günəş şüalarının zərərli təsiri bu prosesi daha da sürətləndirir.
İnsanların istifadə etdiyi müxtəlif növ qida əlavələri mövcuddur. Bunlara dəniz mənşəli, heyvan mənşəli və vegan kollagen daxildir. Araşdırmalar konkret hansı növ digərlərindən daha effektiv olduğunu müəyyən edə bilməyib.
-Kollagen həbləri – ideal dərinin sirri, yoxsa marketinq şişirtməsidir?
-Kollagen qəbul etmək dərini və oynaqları yaxşılaşdıra bilərmi?
Tədqiqatçılar vurğulayırlar ki, kollagen əlavələri ilə bağlı aparılmış bir çox araşdırmalar məhz bu sənaye tərəfindən maliyyələşdirilib və kollagenin yaşlanma əleyhinə təsirləri barədə “iddialı bəyanatlar” səsləndirilib. Qeyd olunur ki, bu tədqiqat sənaye tərəfindən maliyyə dəstəyi almayıb.
Kollagen hər dərdin dərmanı deyil, lakin uzun müddət və müntəzəm istifadə edildikdə, xüsusilə də dəri və osteoartrit hallarında etibarlı faydalar göstərə bilər. Nəticələrimiz sağlam yaşlanmanın əsas istiqamətləri üzrə aydın müsbət təsirləri ortaya qoyur, eyni zamanda onun istifadəsi ilə bağlı bəzi mifləri də aradan qaldırır.
Tədqiqatçıların fikrincə, kollageni qırışlara qarşı müalicə vasitəsi kimi deyil, daha çox yaşlanan və günəşdən zədələnmiş dərinin ümumi qorunması və dəstəklənməsi üçün vasitə kimi qiymətləndirmək daha məqsədəuyğundur.
Aytən Feyzili,
BSU-nun tələbəsi