Xəbər verildiyi kimi, fevralın 9–13-də Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilib. Sessiya çərçivəsində “Ordubad Tarix-Memarlıq Qoruğu”nun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, “Ordubad Tarix-Memarlıq Qoruğu”nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi Azərbaycan üçün əlamətdar və qürurverici hadisədir: “Bu qərar qədim tarixə və zəngin mədəni ənənələrə malik Ordubad şəhərinin təkcə milli irsimizin deyil, eyni zamanda İslam sivilizasiyasının ortaq dəyərlərindən biri kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Ordubadın özünəməxsus memarlıq üslubu, əsrlər boyu formalaşmış şəhərsalma ənənələri, məhəllə sistemi, suvarma arxları və sosial-mədəni mühiti onu nadir urbanistik irs nümunəsinə çevirir və bu xüsusiyyətlər bu gün də öz tarixi simasını qoruyub saxlayır”.
Müsahibimiz daha sonra bildirdi ki, ölkəmizdə son illər bir çox tarixi və mədəni irs nümunələrinin beynəlxalq siyahılara daxil edilməsi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirilir: “Azərbaycanın zəngin mədəni irsi həm UNESCO, həm də ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatların müvafiq siyahılarında geniş şəkildə təmsil olunur. Bu istiqamətdə aparılan işlər təkcə abidələrin qeydiyyatı ilə məhdudlaşmır, onların elmi əsaslarla tədqiqi, bərpası, mühafizəsi, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi üzrə kompleks tədbirləri əhatə edir.
Mədəni irsin qorunması ilə bağlı qəbul olunan Dövlət proqramları, həyata keçirilən genişmiqyaslı bərpa layihələri, müasir muzey və qoruq infrastrukturunun yaradılması, eyni zamanda, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq Azərbaycanın bu sahədə strateji və davamlı siyasət həyata keçirdiyini nümayiş etdirir. Bu yanaşma milli kimliyimizin qorunmasına, mədəni diplomatiyanın güclənməsinə və ölkəmizin dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir”.
Milli Məclisin deputatının fikrincə, Azərbaycanın mədəni irsinin qorunması, bərpası və dünyada tanıdılması sahəsində əldə olunan uğurların əsasında ölkə rəhbərliyinin bu istiqamətə verdiyi xüsusi önəm dayanır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi-mədəni irsin qorunması dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən edilib, ölkə üzrə yüzlərlə tarixi abidənin bərpası, qoruqların yaradılması və mədəniyyət infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə və onun hüdudlarından kənarda mədəni irsin qorunması və bərpası sahəsində həyata keçirilən layihələr bu sahəyə verilən yüksək diqqətin bariz nümunəsidir. Fondun təşəbbüsü ilə Azərbaycanın tarixi abidələri ilə yanaşı, İslam dünyasının və Avropanın bir sıra mədəni irs nümunələri də bərpa olunaraq beynəlxalq həmrəyliyə və mədəni dialoqa mühüm töhfə verilib”.
Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Ordubad Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İlkin Siyahısına daxil edilməsi Naxçıvanın tarixi-mədəni potensialının beynəlxalq səviyyədə təqdimatını genişləndirəcək, bölgənin turizm imkanlarını gücləndirəcək və sosial-iqtisadi inkişafına əlavə təkan verəcəkdir. Bu, digər mədəni irs nümunələrimizin beynəlxalq platformalarda tanıdılması üçün yeni perspektivlər yaradır. Bu qərarı həm də 2026-cı ildə ölkəmizdə elan edilmiş "Şəhərsalma və Memarlıq İli"nə mühüm töhfə kimi dəyərləndirmək olar”.
Qvami Məhəbbətoğlu, “İki sahil”