25 fevral 2026 18:43
140

“Ara” və “mister”lərin it hürüşməsi...

Şeytan ocağına talaşa atanlar Londonda yığışdılar

Böyük Britaniya parlamentində gorbagor olmuş “Artsaxda erməni irsinin dağıdılması” adı altında qondarma araşdırma təşəbbüsü irəli sürülüb. “Proses” Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının İnsan Hüquqları İnstitutu (IBAHRI), eləcə də parlamentin beynəlxalq hüquq və Ermənistan üzrə fəaliyyət göstərən qrupları tərəfindən aparılır. Komissiyaya deputat Brendan O'Hara rəhbərlik edir. İclasda həm də “çırağı sönmüş” separatçı rejimin nümayəndəsi, “artsax birliyinin sədri” Artaq Beglaryan çıxış edib, qalanları qulaqlarını şəkləyərək dinləyiblər. Bəyəm Qarabağda “erməni irsi” var? Cəmi bir-iki kilsə var ki, o da albanlardan qalma monastrlardır.

Beqlaryan, guya məcburi köçkün edilmiş xalqların geri qayıtması ilə bağlı beynəlxalq təcrübələrə istinad edərək vurğulayıb ki, böyük dövlətlərin siyasi iradəsi olduğu halda ermənilərin kollektiv şəkildə geri dönüşü mümkündür. Nə qədər ağılsız və gülünc bir iddia. Belə çıxır ki, bir sıra ölkələrdəki ermənilər də ayrıca xalqlardır. Məsələn, Fransada, Rusiyada, Türkiyədə, ABŞ-da və s. Bu yekəbaş dığa unudur ki, Qarabağdan cəmi 25 min erməni öz istəyi ilə rahat gedibsə Ermənistandan 250 min nəfər azərbaycanlı malı-mülkü əllərindən alınaraq əzəli ata-baba torpağından zorla qovulub. ABŞ-da 1 milyona qədər, Fransada 700 min, Rusiyada qarışıqlarla bərabər 2 milyondan artıq erməni əsilli yaşayırsa o ölkələrdə niyə dövlət qurmaq barədə danışmırlar?

Bəs bu “insan haqları institutu” 1990-cı ildən üzü bəri otuz il müddətində hara baxırdı, niyə dil tərpədib Ermənistanın insanlıqdan kənar hərəkətlərini və işğalçılığını pisləmirdi? Ağdam yerlə-yeksan ediləndə, Füzuli və Cəbrayıl viran qoyulanda, Zəngilan və Qubadlıda daş üstündə daş qalmayanda, məscidlər dağıdılıb təhqir olunanda, qəbiristanlıqlar vandalizmə məruz qalanda bu “parlamentarilər” niyə səslərini çıxarmırdılar? Yeddi yüz mindən artıq qaçqın və məcburi köçkün ağır şəraitdə çadır şəhərciklərində yaşadığı illərdə, minlərlə ailə öz dədə-baba yurdundan didərgin düşəndə, Xocalıda, Kərkicahanda, Qaradağlıda, Ağdabanda, Cəmillidə, Meşəlidə, Bağanıs-Ayrımda körpələr, qadınlar, qocalar vəhşicəsinə qətlə yetiriləndə bu tribunalardan hansısa “araşdırma” təşəbbüsü irəli sürülmədi. Niyə?  Onların hüquqları yox idimi?

Nəhayət, otuz ildən sonra Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ölkənin ərazi bütövlüyünü bərpa etdi, Ermənistanın qanunsuz silahlı birləşmələrini ərazilərimizdən qovub çıxardı və qondarma rejimi tarixin zibilliyinə atdı. Öz ərazisini işğaldan azad etmək Azərbaycanın haqqı, beynəlxalq hüququn tanıdığı sərhədlər daxilində atdığı legitim addım idi.

Görünür, bu reallıq bəzi dairələri narahat edir, böhtana və yalana əl atırlar. İşğalın dağıntıları isə hələ də göz önündədir, Ağdamın xarabalıqları hələ də şahiddir. Niyə qulaqları kar, gözləri kor olmuşdu? Buna baxmayaraq, ittiham kürsüsü Londonda qurulur və  azərbaycanlıların otuz illik dəhşətli Xocalı faciəsi unudulur. Bu iyrənc tərəfbazlığın səbəbi nədir, bunlarda xəmirləri pislikdən yoğrulan daşnaklara sevgi-məhəbbət haradan qaynaqlanır?

Ən diqqətçəkən məqam isə odur ki, təqdim olunan materiallarda işğal dövründə dağıdılmış məscidlər və müsəlman abidələri “erməni irsi” kimi təqdim olunur. Həyasızlığın yekəliyinə baxın, bu, normal insan ağlına gələn şey deyil.  Bu, artıq ikili standart olmayıb birtərəfli və qərəzli münasibətdir. Belə həqiqətdən uzaq nəsnələr isə “təşəbbüsün” obyektivliyinə ciddi kölgə salır və siyasi sifarişli kampaniya olduğunu açıq göstərir. Azərbaycan haqqında müzakirə keçirilirsə o zaman ölkənin nümayəndəsi müzakirəyə dəvət olunmursa burada “xoruzun quyruğu” görünür.

İki-üç qanunsuz tikili üzərindən hay-küy qoparanlar, bütöv şəhərlərin, kəndlərin xəritədən sildiklərindən heç danışmırlar. Tərtəri, Bərdəni, Yevlağı, Gəncəni, Ağcabədini top və raket mərmiləri ilə necə darmadağın etdiklərinin üstündən sükutla keçirlər.  Bəs bilmirdilər ki, müharibə edənin evi başına uçurulacaq? Bilirdilər ki, müharibə Azərbaycanın daxilində aparılır, uçan ev də bizimdir. Desinlər görək Azərbaycan Ordusu Ermənistanda bir kəndi, bir evi dağıdıbmı? Deyə bilməzlər, çünki əllərində fakt yoxdur.

Azərbaycan öz torpağında suverenliyini bərpa edib. Qondarma rejim artıq yoxdur. Qarabağda yeni reallıq formalaşıb və bu, dəyişməzdir. Beynəlxalq  tribunalardan səslənən ittihamlar nə şəhidlərin qanı ilə qazanılmış Zəfəri kölgələyə sala, nə də Azərbaycan xalqının iradəsini sarsıda bilər. İşğalın dağıntıları ortadadır. “Ara” və “mister”lərin qopardıqları şivənlik daha keçməz, çünki bütün dünya Ermənistanın nə qədər amansız işğalçı olduğunu, vəhşi və yalançı sifətlərini gördü. Azərbaycanın daxili işlərinə qarışmağa adət etmiş simasız “hüquqçular” və “diplomatlar” nəhayət, ağıllarını başlarına cəm etməli, əgər varsa şərəf və vicdanlarını bir litr İrəvan konyakına dəyişməli deyillər. Dəyişirlərsə, deməli, o biri ikisi onlarda yoxdur.

Vəli İlyasov, “İki sahil”