25 fevral 2026 18:27
179

Paytaxt Bakımız, azad Qarabağımız və Şərqi Zəngəzurumuz dünyanın diqqətindədir - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi  ölkəmizin ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcək

Bu ilin 17-22 may tarixlərində  paytaxt Bakımız yenidən dünyanın diqqətini özünə cəlb edəcək. Azərbaycan  Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən birinə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibbliyi edəcək. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransından (COP) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur. Bu mühüm tədbirin Bakıda təşkili yalnız regional deyil, həm də qlobal miqyasda şəhərsalma, dayanıqlılıq və ətraf mühit sahələrində Azərbaycanın artan liderliyini nümayiş etdirir.

Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransına yüksək səviyyədə ev sahibliyi etdi. Bakı COP-u ən möhtəşəm COP-lardan biri kimi tarixə yazıldı.  80 ölkənin dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29  Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı oldu. Bu sayda iştirakçı həm tədbirin əhəmiyyətini, həm də Azərbaycana olan inamı nümayiş etdirdi. Qlobal problemlərin həllinə davamlı töhfələri ilə diqqətdə olan Azərbaycanın bu tədbirdə  liderliyini bir daha təsdiqləməyi uğurlu nəticələrdə özünün aydın ifadəsini tapdı. “Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar edildi.  Həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirildi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər hər zaman yüksək təşkilatçılığı və uğurlu nəticələri ilə diqqətdə olur.

COP29 iqlim konfransınını ardınca Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə hazırlaşır. Ölkəmizin  şəhərsalma fəaliyyəti Prezident İlham Əliyevin  Sərəncaçı ilə tarixi Zəfərimizin reallıqları əsasında təsdiq edilən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunub. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.

Bu reallığı da xüsusi qeyd etməliyik ki, Azərbaycan müasir şəhərsalma təcrübəsini 2022-2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirdi. Ağdamda, Zəngilanda və Xankəndidə keçirilən bu tədbirlərin hər biri özündə mühüm çağırışları ehtiva etdi. Cənab İlham Əliyev ötən il Xankəndi şəhərində keçirilən Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində belə bir əminliyi ifadə etmişdir ki, bugünkü Forum 13-cü Ümumdünya Şəhərsalma Forumuna gedən yolda mühüm mərhələdir. Burada aparılan müzakirələr şəhərlərin planlaşdırılması, bərpası və davamlı inkişafı sahəsində strateji təşəbbüslərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək, gələcək nəsillər üçün daha yaşıl, inklüziv və firavan yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək. O da qeyd edilmişdir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir. Bu mötəbər tədbir Azərbaycanın ümumdünya urbanizasiya proseslərində rolunu daha da gücləndirəcək, regionun dayanıqlı inkişafına və ümumilikdə qlobal urbanizasiya məqsədlərinə mühüm töhfə verəcəkdir.

Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə malik olmasının, həmçinin beynəlxalq nüfuzunun göstəricisidir.  Ölkəmizin  hərtərəfli inkişafında kompleks tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilməsi Azərbaycanın bütün sahələrdə uğurlu inkişafını şərtləndirir. Azərbaycanın şəhərsalma təcrübəsinə gəldikdə isə bütün dünya paytaxt Bakımızın timsalında şəhərlərin necə  inkişaf etdirilməsinin aydın mənzərəsini görür. Qədimliyi ilə müasirliyin sintezini yaradan Bakımız gözəl şəhər statusunu qazanıb. Bakıda dünya standartlarına cavab verən  yeni magistral yolların,  yüksəkmərtəbəli binaların tikintisi, milli irsimizin qorunmasını özündə əks etdirən mədəni, dini abidələrimizin bərpası, yeni yaşıllıqların salınması, parkların genişləndirilməsi və sair kimi işlər paytaxtımıza xüsusi gözəllik verir. Bu gün qürurla tarixi Zəfərimizdən sonra parklarımız sırasına daxil edilən  Hərbi Qənimətlər Parkından və Zəfər parkından bəhs edirik. Dövlətimizin başçısı  İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, Bakının yaşıllaşdırılmasına, yeni park və xiyabanların, istirahət guşələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bakı parklar şəhəridir. Bakımızın özündə cəmləşdirdiyi qədimlik, müasirlik ölkəmizə gələn turistlərə, xarici qonaqlara Azərbaycan haqqında dolğun məlumatları çatdırır. Onu da qeyd edək ki, ölkəmizin turizm imkanları genişdir. Bu, turistlərin sayının ildən-ilə artmasında da öz təsdiqini tapır.   Ümumiləşdirilmiş şəkildə qeyd etsək, son illərdə paytaxt Bakıda həyata keçirilən kompleks abadlıq, infrastruktur və yaşıllaşdırma proqramları Azərbaycanın şəhər planlaşdırılmasına dair uzunmüddətli baxışını əks etdirir. Qazanılan uğurlar, irəli sürülən təşəbbüslər ölkəmizin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına əhəmiyyətli töhfə verməyə tam hazır olduğunu göstərir.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün paytaxt Bakımız ilə yanaşı, işğaldan azad edilmiş şəhərlərimizin, kənd və qəsəbələrimizin müasir çağırışlara  uyğun bərpa edilməsi də  diqqətdədir. Böyük Qayıdış Proqramına uyğun olaraq bütün işlər ardıcıllıqla həyata keçirilir. Artıq azad edilmiş şəhərlərimizdən səkkizi-Füzuli, Laçın, Cəbrayıl, Şuşa, Kəlbəcər, Ağdam, Xocalı və Xankəndi sakinlərinə qovuşub. Hər bir şəhər, kənd və qəsəbə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri üzrə bərpa edilir. Azərbaycanın dünyaya təqdim etdiyi yeniliklər sırasında bu layihənin yer alması beynəlxalq səviyyədə təqdir edilir. Həmçinin azad edilmiş ərazilərimizdə müasir idarəçilik sistemi tətbiq edilir. Hər bir yeni layihə gələcəyə çağırışdır.    

Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində işlər sistemli və ardıcıl şəkildə həyata keçirilir. Tarixi Zəfərimizdən ötən dövrdə bu ərazilərimizdə beynəlxalq statusa malik 3 yeni hava limanı tikilib istifadəyə verilib. Qürurvericidir ki,  ölkəmizə səfər edən bu və ya digər ölkələrin rəsmilərini Prezident İlham Əliyev azad edilmiş ərazilərimizdə inşa edilən Beynəlxalq Hava limanlarında qarçılayır. Bu hava limanları azad edilmiş ərazilərimizin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün bu torpaqlarımız diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Laçında keçirilən beynəlxalq tədbirləri xüsusi qeyd etmək istərdik.  Bu ərazilərdə müasir tələblərə cavab verən avtomobil və magistral yollar, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşıl enerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Azərbaycan Milli Şəhərsalma forumlarının mövzuları kimi, keçirilmə məkanlarının  dəyişməsi də özündə mühüm məqamları ehtiva edir.  Ötən il Xankəndidə keçirilən Forumda 60-dan çox ölkədən 200-dən artıq xarici qonağın, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirakı həm ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisi kimi dəyərləndirildi. Azad edilmiş hər bir ərazimiz 30 illik işğal dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mənbədir. Bu torpaqlar artıq dağıntı mərhələsini arxada qoyub quruculuq dövrünü yaşayır. Bu forumlar şəhərsalma sahəsində milli, regional və beynəlxalq tərəfdaşları bir araya gətirərək təcrübə mübadiləsi aparmaq, yeni təşəbbüslər formalaşdırmaq və əməkdaşlığı gücləndirmək üçün mühüm platforma rolunu oynayırlar. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyimiz isə bu coğrafiyanın genişləndirilməsində, yeni əməkdaşlıq formatlarının yaradılmasında öz sözünü deyəcək. Azərbaycan bir daha əməkdaşlıq məkanı, bütün sahələrdə körpülərin qurulması üçün zəruri imkanlara malik olduğunu təsdiqləyəcək. Sülh, təhlükəsizlik, əməkdaşlıq, tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir.

Onu da qeyd edək ki, 2022-ci ildə  Ümumdünya Şəhərsalma Forumu Polşanın Katovitse şəhərində “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” devizi ilə reallaşdırılıb.  Forum bundan əvvəl Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və digər şəhərlərdə də baş tutub. 2024-cü ildə isə Ümumdünya Şəhərsalma Forumunun 12-ci sessiyası  Misirin paytaxtı Qahirədə  reallaşdırılıb. 2022-ci il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki,  Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır.

Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı daha da  müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə söz sahibliyini artırmaqdır. Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi daha aydın görünür. Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi  də nüfuz qazanıb. Güclü lider və düşünülmüş siyasət uğurlarımızın əsasıdır.

Yeganə Əliyeva, “İki sahil”