Bəşər tarixində az-az təsadüf olunan bu dəhşətli cinayət, bunu törədənlərin təkcə müstəqilliyimizə, suverenliyimizə qəsdi deyildi, eyni zamanda, Azərbaycan xalqına xəyanəti idi
Təəssüflər olsun ki, bəşər tarixi XX əsrin son akkordlarını böyükmiqyaslı növbəti bir qanlı faciə ilə yekunlaşdırdı. Bu, erməni faşistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı Xocalıda həyata keçirdiyi qətliam idi. Bu qətliam bütöv bir əsr ərzində azərbaycanlılara qarşı törədilən qətliamların davamı olsa da, müstəqilliyimizi, suverenliyimizi qəsb etməyə çalışanların son cəhdləri və siyasi-mənəvi məğlubiyyətlərinin başlanğıcı oldu.
34 il öncə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və onların havadarları beynəlxalq hüquq normalarını, bütünlükdə insanlığa dayanan davranış və əməlləri vəhşicəsinə pozdu. Bu faciənin törədilməsində SSRİ-nin 366-cı alayının verdiyi dəstək düşməni daha da azğınlaşdırır və əl-qolunu açırdı. Bəşər tarixində mövcud olan bütün savaşların qanunları olub. O qanunlar körpəyə, hamilə qadına, ahıl qocaya aman verib. Amma Xocalının qatilləri müharibələr tarixinin görmədiyi qədər amansız idi. Mühasirədə olan Xocalının dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri barbarcasına yerlə-yeksan edən düşmənin adı isə erməni idi. Azərbaycanlılara, ümumən türk millətinə qarşı düşmən mövqeyindən çəkinməyən bu barbar toplumun Xocalıda törətdiyi qətliam əslində bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli idi. Yüzlərlə insan erməni vəhşiliklərindən canın qurtarmaq üçün qarlı yollarda donaraq, əzabla vəfat etdi. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlı idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır.
Azğınlaşmış erməni silahlı birləşmələri Xocalıda bu qətliamı törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqının mübarizə əzmini qırmaq, məhv etmək niyyətini güdürdü. Amma düşmən bu niyyətinə çata bilmədi. Xocalı faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi, əvvələn, soyqırımı aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Məhz ilk vaxtlar rəsmi orqanların Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamaması və bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi ağır nəticələr verdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olundu. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini vurğulamışdır. Ulu öndərin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
30 ilə yaxın müddətdə Xocalıda soydaşlarımızın başına gətirilən müsibətlərin ağrı-acısı ilə yaşadıq, yer üzündən silinən ailələrin müsibəti, körpələrin yarımçıq qalmış taleyi, yardıma möhtac qocalara tutulan divanlar içimizi göynətdi. Lakin xalqın mübarizə əzmi heç zaman qırılmadı, Xocalının qisasının bir gün mütləq alınacağına hər kəs inandı. Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Nəhayət, uzun illərdən sonra haqq-ədalət öz yerini tapdı.. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. 30 ilə yaxın həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Artıq xalqımız Bakıdakı “Ana harayı” abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 34 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Allaha şükür ki, haqqın dönüb dolaşıb yerini tapdığı, çörəyimizin erməni canilərinə qənim olduğu günləri də gördük. Azərbaycan torpağında - Xankəndidə oturub bizə diş qıcayan, paytaxtımıza göz dikən oyuncaq "prezidentlər", "nazirlər", "deputatlar" indi Bakıda həbsxanada oturub Azərbaycan çayı içə-içə qara günlərini düşünürlər. Bütün bunlar İlahi ədalətin yerini tutmasının əyani nümayişidir. Sərsəm və ermənilərin özünü uçuruma aparan "miatsum" ideyasının arxasınca düşərək xalqımıza qarşı etnik təmizləmə, qətliamlar, soyqırımlar törədən canilər Azərbaycan qanunları qarşısında bir-bir sorğuya çəkildilər. Bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən bu qatillər qanlı əməllərinə mühakimə olundular, layiqli cəzalarını aldılar. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib.
Sevinc Azadi, “İki sahil”