21 fevral 2026 17:18
103

Ana dili bizi birləşdirən güclü mənəvi bağ, müqəddəs dəyərdir

Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.

DİDK-dan “İki sahil”ə bildirilib ki, Azərbaycanla yanaşı, dünyanın ABŞ, Almaniya, Avstraliya, Avstriya, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Estoniya, Fransa, Gürcüstan, İordaniya, İsveç, İsveçrə, Kanada, Kipr, Koreya, Küveyt, Litva, Qazaxıstan, Qətər, Qırğızıstan, Macarıstan, Misir, Moldova, Norveç, Oman, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna kimi 33 ölkəsindən 100-dən artıq soydaşımızın, o cümlədən xarici ölkələrdəki həftəsonu Azərbaycan məktəblərinin müəllimlərinin iştirak etdiyi konfransda ölkə başçısının çıxışlarının yer aldığı videomaterial nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, Azərbaycan dili aramızdakı mənəvi bağları, milli birliyi daha da gücləndirir.

“Unutmamalıyıq ki, yeni nəsil diasporun ana dilini öyrənməsi milli birliyimizin davamlılığı üçün vacibdir. Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə açılan onlarla həftəsonu məktəbi soydaşlarımızın ana dilini mükəmməl bilməsi üçün böyük fürsətlər yaradır və birliyimizə töhfələr verir”, - deyə komitə sədri vurğulayıb.

Konfrans iştirakçılarına xaricdəki həftəsonu məktəbləri, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” məktəbləri barədə məlumat verilib, “Milli Dilli” onlayn təhsil platformasının geniş təqdimatı keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Sevinc Əliyeva layihənin tətbiqi imkanlarından danışıb, davamlılığının əhəmiyyətini qeyd edib.

Konfrans xaricdəki Azərbaycan icmaları üzvlərinin, xüsusilə 3-cü, 4-cü nəsil diasporun ana dilini bilməsi, bu işdə “Milli Dilli” onlayn təhsil platformasının rolu, məsafədən təhsil imkanları barədə geniş fikir mübadiləsinin aparılması ilə davam edib. Tədbir iştirakçıları xarici ölkələrdə Azərbaycan dilinin inkişafına göstərilən dəstəyə görə dövlətimizə minnətdarlıq ediblər.

Qeyd edək ki, hazırda dünyanın 24 ölkəsində 90-dan çox həftəsonu Azərbaycan məktəbi var. Bu məktəblərdən 32-si Azərbaycan evlərinin nəzdində fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız, eləcə də ölkəmizə dost münasibəti bəsləyən xaricilər Azərbaycan evlərinin və həftəsonu məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir.