20 fevral 2026 18:19
198

Azərbaycan Sülh Şurasında: Regional təcrübə, qlobal nüfuz

Politoloq: Prezident İlham Əliyevin sammitə şəxsən dəvət olunması ölkəmizin beynəlxalq sülh proseslərində etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir

Beynəlxalq münasibətlər sistemi son illərdə dərin struktur dəyişiklikləri ilə üz-üzədir. Qlobal təhlükəsizlik mühiti mürəkkəbləşir, regional münaqişələr genişlənir, ənənəvi beynəlxalq institutların effektivliyi isə ciddi suallar doğurur. Belə bir şəraitdə yeni çoxtərəfli mexanizmlərin və alternativ platformaların meydana çıxması artıq seçim deyil, zərurət kimi dəyərləndirilir. Məhz bu kontekstdə Dünya İqtisadi Forumu çərçivəsində irəli sürülən “Sülh Şurası” təşəbbüsü beynəlxalq gündəmdə xüsusi diqqət mərkəzinə gəlib. Qlobal miqyasda sülh təşəbbüslərinin institusional çərçivəyə salınması məqsədi daşıyan bu platforma mövcud təhlükəsizlik arxitekturasına paralel yeni əməkdaşlıq mexanizmi formalaşdırmaq iddiası ilə çıxış edir.

Artıq 28 dövlətin qoşulduğu və təsisatlaşma mərhələsinə qədəm qoyan bu təşəbbüsə Azərbaycanın yaradıcı (founding) üzv statusu ilə qatılması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Azərbaycan son illərdə balanslaşdırılmış xarici siyasət kursu həyata keçirir. Ölkəmiz çoxtərəfli diplomatiyaya mühüm töhfələr verir və regional sabitliyin təmin olunmasında aktiv rol oynayır. Postmünaqişə dövründə nümayiş etdirilən idarəetmə modeli isə rəsmi Bakının imkanlarını daha da gücləndirir. Bütün bu amillər Azərbaycanın qlobal təşəbbüslərdə arzuolunan tərəfdaşa çevrilməsini təmin edir. Bu baxımdan Sülh Şurasında təsisçi üzv kimi təmsil olunmaq yalnız formal status deyil, həm də siyasi etimad göstəricisidir.

Xüsusilə Ermənistanla sülh gündəliyinin ardıcıl şəkildə irəli aparılması Azərbaycanın diplomatik xəttində əsas istiqamətlərdən biridir. Regionda uzun illər davam edən münaqişənin suverenlik və beynəlxalq hüquq prinsipləri əsasında həll olunması ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Bu proses Azərbaycanı praktik sülh modeli təqdim edə bilən dövlət kimi ön plana çıxarıb.

Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu kurs həm regional sabitliyin təmin olunmasına, həm də Azərbaycanın qlobal siyasi dialoq platformalarında çəkisinin artmasına zəmin yaradıb. Nəticədə ölkəmiz yalnız regional aktor kimi deyil, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıq təşəbbüslərində söz sahibi olan tərəfdaş kimi qəbul edilir.

Dəvət təsadüf deyil

Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Sülh Şurası sammiti, beynəlxalq sülh təşəbbüslərində praktik addımların atılması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: “Sammitə Azərbaycanın Prezidenti İlham Əliyevin şəxsən dəvət olunması, ölkəmizin beynəlxalq sülh proseslərində mövqeyinin gücləndiyini göstərir. Bu dəvət Azərbaycanın regional diplomatik nüfuzunu və etimad göstəricilərini artırmaqla yanaşı, beynəlxalq səviyyədə strateji tərəfdaş statusunu da təsdiqləyir.

Sammit çərçivəsində ilkin icra addımlarının atılması, həmçinin iştirakçı dövlətlərin maliyyə və humanitar öhdəliklərinin açıqlanması, regionda yeni əməkdaşlıq imkanlarını ortaya çıxarır. Azərbaycan üçün bu, yalnız siyasi nüfuzun artırılması deyil, həm də praktik sülh təşəbbüslərində fəal rol oynamaq üçün fürsətdir. Xüsusilə ölkəmiz öz postmünaqişə təcrübəsini paylaşmaqla digər dövlətlər üçün nümunə rolunu oynaya bilər, bu isə regional əməkdaşlıq üçün stimul yaradır”.

Diplomatik imicdən geosiyasi üstünlüyə

Politoloq qeyd etdi ki,  Azərbaycanın Sülh Şurasına qoşulması onun diplomatik və humanitar rolunu ön plana çıxarır: “Regiondakı sabitlik üçün etibarlı tərəfdaş kimi görünmək ölkəmizə həm dialoq platformalarında prioritet, həm də layihələrdə iştirak imkanı yaradır. Bu da Azərbaycan üçün geosiyasi üstünlüklər təmin edir: digər regional güc mərkəzləri ilə əməkdaşlıq və qarşılıqlı təsir imkanları genişlənir.

Həmçinin ölkəmizin maliyyə və humanitar öhdəlikləri beynəlxalq səviyyədə konstruktiv və etibarlı tərəfdaş imicini gücləndirir. Azərbaycan yalnız sülh təşəbbüslərində iştirak etmir, eyni zamanda, onları koordinasiya etmək və praktiki icrasına dəstək vermək imkanına malikdir. Bu baxımdan ölkəmizin beynəlxalq platformalarda çəkisi və nüfuzu əhəmiyyətli dərəcədə artır”.

Yeni mərhələnin siyasi mesajı

Yusif Bağırzadə diqqətə çatdırdı ki, Sülh Şurasının ilk iclasında Azərbaycan Prezidentinin iştirakı ölkəmizin qlobal sülh təşəbbüslərində artan rolu və gələcək regional əməkdaşlıq üçün yaratdığı imkanlar baxımından olduqca önəmlidir. Azərbaycan həm diplomat, həm strateji tərəfdaş, həm də praktik təşəbbüskar kimi ön plana çıxaraq həm diplomatik nüfuzunu, həm də regional və qlobal statusunu möhkəmləndirir. Bu tədbir ölkəmizin gələcəkdə sülh və əməkdaşlıq təşəbbüslərində daha fəal rol oynayacağına dair əhəmiyyətli bir göstəricidir.

Nigar Orucova, "İki sahil"