20 fevral 2026 16:03
343

Radikal qrupların təxribatları Azərbaycanın qlobal sülh modelinə və diplomatik uğurlarına kölgə sala bilməz

Bu gün Azərbaycanın xarici siyasəti özünün ən parlaq dövrlərindən birini yaşayır. ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasındakı sülhü dünyaya “ədalətli və hüquqa söykənən sülh modeli” kimi təqdim etməsi, birbaşa Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin və müzəffər Ali Baş Komandan kimi qazandığı tarixi zəfərin beynəlxalq miqyasda qəbul olunmasıdır. Məhz belə bir mühüm tarixi ərəfədə, dövlət başçısının ABŞ-yə səfəri zamanı bir qrup radikal ekstremistin törətdiyi hərəkətlər yalnız qeyri-əxlaqi deyil, həm də birbaşa milli maraqlara xəyanətdir.

Dünyanın supergüclərinin Azərbaycanın sülh modelini təqdir etdiyi bir vaxtda, bu qrupların ortaya çıxması təsadüfi deyil. Onlar bu hərəkətləri ilə Azərbaycanın sivil və güclü dövlət imicinə zərər vurmağa çalışan xarici anti-Azərbaycan dairələrin əlində alətə çevrildiklərini sübut edirlər.

Küçə söyüşləri, təhqir və fiziki aqressiya heç bir halda söz azadlığı və ya siyasi müxalifətçilik deyil. Bu, aşkar şəkildə siyasi ekstremizmdir və bu cür davranışlar həmin şəxslərin nə qədər cılız bir təfəkkürə sahib olduqlarını göstərir. Dövlət başçısı xarici səfərlərində təkcə özünü deyil, Azərbaycan dövlətini və onun hər bir vətəndaşını təmsil edir. Bu baxımdan, dövlət rəmzlərinə və ölkə rəhbərinə qarşı edilən hər bir hörmətsizlik, əslində Azərbaycan xalqına və dövlətçiliyimizə qarşı yönəlmiş təhqirdir.

Azərbaycanın beynəlxalq nüfuzunun artdığı, mühüm qlobal məsələlərin həllində rol oynadığı bir vaxtda belə təxribatlara əl atanlar yalnız düşmən dəyirmanına su tökənlərdir. Onların bu hərəkətləri xaricdəki anti-Azərbaycan dairələrin sifarişi ilə həyata keçirilən çirkin bir ssenaridir.

Anar Məmmədov,

Milli Məclisin deputatı