19 fevral 2026 23:08
118

Türkiyənin neft və təbii qaz sahəsində beynəlxalq mövqeyi möhkəmlənir

Türkiyə neft və təbii qaz hasilatı üzrə hədəflərini yüksəltdiyi dönəmdə qlobal enerji şirkətləri ilə imzaladığı sazişlər vasitəsilə sərhədlərarası kəşfiyyat və hasilat sahələrində mövqeyini də möhkəmləndirir.

Müstəqil enerji siyasəti istiqamətində ardıcıl addımlar atan Türkiyə təchizat təhlükəsizliyinin əsas sütunlarından olan neft və təbii qazın kəşfiyyatı və hasilatı işlərini Qara dənizdəki “Sakarya” qaz yatağı və Gabar bölgəsi olmaqla, quru və dəniz ərazilərində genişləndirməkdə davam edir.

Hədəf 2028-ci ildə 500 min, uzunmüddətli perspektivdə isə 1 milyon bareldir

Hazırda gündəlik təxminən 300 min barel neft və qaz hasil edən “Türkiye Petrolleri Anonim Ortaklığı”nın (TPAO) istehsalının 2028-ci ildə 500 min barelə, uzunmüddətli perspektivdə isə 1 milyon barelə çatdırılması hədəflənir.

Bu istiqamətdə TPAO xaricdə fəaliyyətinin genişləndirilməsi strategiyası çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığı artıraraq yerli və milli təşəbbüslərini sərhədlərdən kənara daşıyır. Şirkət fevralın 18-də “Shell” ilə Bolqarıstanın dəniz səlahiyyət zonasında yerləşən” Xan Tervel” sahəsində neft və qaz kəşfiyyatı üzrə tərəfdaşlığa dair saziş imzalayıb. “Xan Tervel” sahəsi təxminən 3 800 kvadratkilometrdən artıq ərazini əhatə edir və Türkiyənin mühüm qaz yataqlarından birinə yaxın məsafədə yerləşir. İlkin mərhələdə seysmik tədqiqatlar aparılacaq, növbəti mərhələdə isə kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihə üzrə təxminən 5 illik lisenziya müddəti planlaşdırılır.

TPAO-nun BP, “Chevron”, “ExxonMobil” əməkdaşlığı

TPAO-nun fevralın 12-də BP ilə imzaladığı Anlaşma Memorandumu da neft və qaz sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sözügedən saziş mövcud yataqların inkişaf etdirilməsi, yeni kəşfiyyat potensiallarının birgə qiymətləndirilməsi, neft ixrac gücünün artırılması və təbii qaz nəqli infrastrukturu məsələləri üzrə həm Türkiyədə, həm də beynəlxalq miqyasda əməkdaşlıq imkanlarını əhatə edən kompleks çərçivə təqdim edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, sazişdə əsas prioritet Kərkük başda olmaqla İraqda əməkdaşlıqdır, həmçinin Liviya, Qazaxıstan və Azərbaycandakı layihələr də qiymətləndiriləcək.

Fevralın 5-də “Chevron” ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində Türkiyə və beynəlxalq miqyasda potensial sahələrdə birgə kəşfiyyat və hasilat fəaliyyətlərinin inkişafı nəzərdə tutulur. Yanvarın 8-də isə “ExxonMobil” şirkətinin törəmə müəssisəsi ESSO Exploration International Limited ilə imzalanmış Memorandumla Qara dəniz və Aralıq dənizi ilə yanaşı, qarşılıqlı müəyyən ediləcək digər beynəlxalq ərazilərdə əməkdaşlıq hədəflənir.

Müxtəlif coğrafiyalarda yeni enerji layihələri

Türkiyə malik olduğu enerji donanması ilə dərin dəniz kəşfiyyatı və qazma sahəsində texniki imkanlarını beynəlxalq şirkətlərin təcrübəsi ilə birləşdirərək əməliyyat səmərəliliyini artırmağı və yeni kəşflərə zəmin yaratmağı qarşıya məqsəd qoyub.

Ötən il TPAO-nun Diyarbəkir hövzəsində qeyri-ənənəvi mənbələrin işlənməsi məqsədilə “TransAtlantic Petroleum” və “Continental Resources” ilə imzaladığı birgə müəssisə sazişinin də müasir texnologiya və bilik transferi yolu ilə hasilat gücünü artıracağı, Türkiyədə neft axtarışında yeni mərhələnin əsasını qoyacağı gözlənilir.

Bundan əlavə, TPAO-nun aprel ayında Somalidə əvvəllər seysmik tədqiqat apardığı sahədə qazmaya başlaması, Liviyada İspaniyanın “Repsol” və Macarıstanın “MOL Group” şirkətləri ilə qurduğu tərəfdaşlıqlar çərçivəsində iki blokda, Pakistanda isə beş sahədə karbohidrogen kəşfiyyatı fəaliyyəti həyata keçirməsi planlaşdırılır.

Türkiyə daxil olmaqla müxtəlif coğrafiyalarda yeni enerji layihələri üçün beynəlxalq tərəfdaşlıqların qurulmasına yönəlmiş bu fəaliyyətlər ölkənin yalnız resurs inkişaf etdirən aktor deyil, eyni zamanda, regional və qlobal enerji səhnəsində təsirli oyunçu olmaq vizyonunu gücləndirir.

İlham Şaban: Türkiyə regional enerji mərkəzinə çevrilmək istiqamətində sistemli addımlar atır

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Türkiyənin son dövrlərdə beynəlxalq enerji şirkətləri ilə imzaladığı sazişlər strateji xarakter daşıyır və ölkənin enerji təhlükəsizliyi ilə yanaşı, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Ekspert bildirib ki, Türkiyə ərazisində olan kəşfiyyat layihələrinin icra olunması istiqamətində xarici şirkətlərlə əməkdaşlığa üstünlük verir: “TPAO-nun “Shell”, BP, “Chevron” və “ExxonMobil” kimi transmilli enerji şirkətləri ilə əməkdaşlığı yalnız maliyyə baxımından deyil, həm də texnologiya və idarəetmə təcrübəsinin transferi baxımından əhəmiyyətlidir. İlham Şabanın fikrincə, xüsusilə dərin dəniz qazma işlərində və qeyri-ənənəvi yataqların işlənməsində bu cür tərəfdaşlıqlar Türkiyənin texniki imkanlarını keyfiyyətcə yeni mərhələyə çıxara bilər. Bu istiqamətdə Türkiyənin xarici şirkətlərlə əlaqələr qurmasının vacib məqamları var. Həm maliyyə risklərinin bölüşdürülməsi baxımından, həm yeni texnoliji həllərdən istifadə edilməklə dərin qatlarda yerləşən karbohidrogenlərin mümkün çıxarılmasını təmin etmək, ən əsası da qardaş ölkənin öz enerji təhlükəsizliyinə verdiyi töhfədir. Həcmindən asılı olmayaraq Türkiyənin gündəlik hasilatı 300 min barel səviyyəsinə çatdırması və 2028-ci il üçün 500 min, uzunmüddətli perspektivdə isə 1 milyon barel hədəfi müəyyənləşdirməsi təsadüfi deyil. Bu göstəricilər ölkənin idxaldan asılılığını mərhələli şəkildə azaltmaq, enerji balansında daxili istehsalın payını artırmaq və cari hesab kəsirinə təzyiqi minimuma endirmək məqsədi daşıyır. Türkiyə faktiki olaraq enerji resursu olmadan və dünyanın top-5 ölkəsi sırasındadır ki, karbohidrogen tələbatına dünya bazarlarındakı mövcud qiymətlərə görə il ərzində 50-60 milyard dollar vəsait xərcləyir.

Ekspert qeyd edib ki, Qara dənizdə “Sakarya” yatağı üzrə əldə olunan nəticələr Türkiyənin öz gücünə kəşfiyyat və hasilat aparmaq qabiliyyətini nümayiş etdirdi. Lakin beynəlxalq şirkətlərlə əməkdaşlıq risklərin bölüşdürülməsi, investisiya həcminin artırılması və layihələrin daha qısa müddətdə kommersiya mərhələsinə çatdırılması baxımından əlavə üstünlüklər yaradır.

Orxan Vahidoğlu, “İki sahil”