19 fevral 2026 23:16
95

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıqda yeni inkişaf mərhələsi

2026-cı ilin ikinci ayının hələ başa çatmasına günlər qalmış Azərbaycan diplomatiyası öz zəngin gündəliyinə və tarixinə yeni böyük uğurlar yazmaqda davam edir. Bu baxımdan yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda uğurlu iştirakından, ABŞ lideri tərəfindən Sülh Şurasına qurucu üzv-dövlət kimi dəvət almasından, fevral ayında BƏƏ-yə (“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində iştirak üçün), Almaniyaya (Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə) səfərlərdən sonra fevralın 15-də Serbiya Respublikasına dövlət səfəri də mühüm nəticələrlə yadda qaldı.

İki dövlət arasında fəal münasibətlərin əsasən 2010-cu ildən sonra formalaşdığını düşünsək, bu müddətdə həm siyasi, həm də iqtisadi əlaqələrin sürətli inkişaf yolu keçdiyini əminliklə söyləmək olar. Çünki hələ 13 il əvvəl – 2013-cü il fevralın 8-də Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında” Bəyannamə imzalanmışdı. Son səfər zamanı Serbiya Prezidenti Aleksandar Vuçiçin mətbuat üçün səsləndirdiyi bəyanatında söylədiyi fikirlər iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu sübut edir: “Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə açığıq və bir-birimizlə danışırıq. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə, 16 faiz deyil, 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində biz Azərbaycanla yeni əlaqələr, mümkün olan ən yaxın əlaqələr qurmuşuq”. Bunu iki dövlət arasında imzalanan sənədlərin sayı da aydın göstərir: əgər 2026-cı ilədək qarşılıqlı səfərlər zamanı 57 sənəd imzalanmışdısa, son səfər zamanı imzalanan 2 saziş və 5 memorandumu da əlavə etsək, artıq onların sayı 64-ə çatmışdır.

Mətbuat konfransında prezidentlər İlham Əliyevin və Aleksandar Vuçiçin yüksək əhval-ruhiyyədə və son dərəcə optimist fikirlərlə çıxış etmələri həmin gün həm dövlət başçıları arasında keçirilən təkbətək görüşdə, həm də Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclasında qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər spektri üzrə həmrəyliyin və əməkdaşlığı yüksələn xətlə davam etdirmək əzminin qəti olduğunu aydın göstərirdi. Azərbaycan Prezidentinin öz bəyanatında səsləndirdiyi fikirlər də bunu sübut edir: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Biz dəfələrlə Azərbaycanın qarşılıqlı əlaqələr qurduğu ölkələrin də adekvat reaksiyası olduğu təqdirdə, bu əlaqələri dövlətlər arasında əməkdaşlıqdan, strateji tərəfdaşlığa, dostluğa qədər inkişaf etdirdiyinin və münasibətlərin bu ruhuna böyük səmimiyyətlə daim sədaqət nümayiş etdirdiyinin şahidi olmuşuq. Mətbuat konfransında liderlərin bir-biri, siyasi şəxsiyyətləri və öz dövlətlərinin inkişafına verdikləri töhfələr haqqında qarşılıqlı səsləndirdikləri müsbət ifadələrlə zəngin fikirlər və jestlər Azərbaycan və Serbiya dövlət başçılarının şəxsi münasibətlərinin də bir daha çox yüksək səviyyədə olduğuna dəlalət edir və bu, müasir dövrdə dövlətlərarası əlaqələrdə də, beynəlxalq münasibətlər sistemində də çox mühüm amildir.

Bu baxımdan Prezident Aleksandar Vuçiçin müxtəlif vaxtlarda Azərbaycan lideri haqqında səsləndirdiyi yüksək fikirlər dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişaf etdiyini aydın ifadə edir. Xatırladım ki, təxminən bir ay bundan əvvəl – 2026-cı il yanvarın 20-də Davosda 55-ci Dünya İqtisadi Forumunda Serbiyanın dövlət başçısı “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı Prezident İlham Əliyevin Azərbaycanın timsalında regional nailiyyətlərin önəmi ilə bağlı fikrinə münasibətində demişdi ki: “İlham Əliyev böyük, dahi liderlərdən biridir. İndiki dövrdə belə bir lideri görmək çox nadirdir”. Elə mətbuat konfransı başlayarkən onun yenidən Prezident İlham Əliyevi nəzərdə tutaraq – “Qarşımda əsl dövlət xadimi və lider görürəm”, – söyləməsi də dövlət başçımıza böyük rəğbətin ifadəsidir. Öz növbəsində Prezident İlham Əliyev də həmkarı haqqında səsləndirdiyi: “Burada mən Prezident Vuçiçin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək istərdim. Bildiyiniz kimi, bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var. Bilirəm ki, Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına nə qədər bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır”, – kimi fikirlərlə Serbiya liderinə olan ehtiramının əsl səbəbini ifadə etmiş oldu: hər iki dövlət xadimi beynəlxalq və dövlətlərarası münasibətlərdə müstəsna olaraq təmsil etdikləri dövlətlərin və xalqların mənafeyindən çıxış edərək, daim müstəqil siyasət yürüdürlər.  

Bu faktdır ki, Azərbaycan xüsusilə qaz ixracatçısı kimi Avropa qitəsinin enerji təhlükəsizliyində fəal rol oynayır. Son illərdə, xüsusilə 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu strateji əhəmiyyət kəsb etməyə başlayıb. Həmin il iyulunda Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın “qoca qitə” üçün nə qədər mühüm və etibarlı tərəfdaşa çevrildiyini sübut edir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Serbiya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaratmış, Azərbaycanla Aİ arasında memorandumun imzalanmasından sonra Azərbaycanın qaz ixrac etdiyi Avropa ölkələrinin sayı 16-ya çatmışdır ki, bunlardan 9-u Aİ ölkəsi, 7-si isə bu qurumun üzvü olmayan qitə dövlətləridir ki, bunlardan biri də Serbiyadır. Bu ölkə 2023-cü il dekabrın 10-da Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsindən sonra – 2024-cü ildən başlayaraq Azərbaycandan qaz idxal edən dövlətlər sırasına qoşulub və bu sırada 9-cu dövlət olub. 2024-cü ildə artıq Azərbaycan öz qaz ixracının 50 faizini məhz Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin aprelində Bolqarıstana səfəri zamanı irəli sürülən “Həmrəylik Halqası” (“Solidarity Ring”) və digər sazişlər üzrə əməkdaşlığa əsasən Avropa ölkələrinə həyata keçirirdi.

Yeri gəlmişkən, Serbiyanın illik təbii qaz istehlakı orta hesabla 2,7-3 milyard  kubmetr arasında dəyişir. Bu tələbatın böyük hissəsi sənaye sahələrində, elektrik enerjisi istehsalında və qış aylarında binaların isidilməsində istifadə olunur. Ölkənin daxili hasilatı çox az olub, tələbatın təxminən 10-15 faizini ödəyir, qalan hissə isə tamamilə idxaldan asılıdır. Azərbaycan 2024-cü ildən qaz tədarükü həcmlərini mərhələli şəkildə artıraraq, hazırda ildə 400 milyon kubmetrə çatdırmışdır ki, bu da Serbiyanın ümumi illik tələbatının təxminən 13-15 faizini təşkil edir. 2026-cı ildən başlayaraq illik ixrac həcminin 1 milyard kubmetrə çatdırılması nəzərdə tutulur ki, bu halda Azərbaycan Serbiyanın qaz ehtiyacının 35-40 faizini təkbaşına təmin etmiş olacaq. Mətbuat konfransında Serbiya lideri tərəfindən Azərbaycan tərəfindən 500 meqavatlıq qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında saziş haqqında xüsusi bəhs etməsi və ölkəmizin hazırda 2 giqavatlıq enerji gücünə malik olduğunun, yaxın gələcəkdə bu rəqəmin 8 giqavat təşkil edəcəyinin vurğulanması iki ölkə arasında enerji sahəsində əməkdaşlığının perspektivdə aktuallığını qoruyacağına işarə idi.

Lakin səfər zamanı dövlət başçılarının dilindən səsləndirilən fikirlər iki dövlət arasında münasibətlərin inkişafı üzrə razılaşmaların bir çox sahələri əhatə etdiyini göstərir. Prezident Vuçiçin çıxışında elektrik enerjisi ilə yanaşı birbaşa hava nəqliyyatı əlaqəsi və turizmlə bağlı geniş danışması, hərbi-texniki sahədə əməkdaşlığın hazırkı səviyyəsinin yaxşı olduğunu xüsusi qeyd etməsi bu sahələrdə də yaxın gələcəkdə daha ciddi addımların atılacağını göstərir. Fevralın 15-də Belqradda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında imzalanan sənədlər razılaşmaların daha geniş sərhədlərini müəyyən edir: iqtisadiyyat, qida təhlükəsizliyi, media və kommunikasiya, mədəniyyət, idman, tibbi sığorta sistemləri və s.

Səfərin nəticələri bir daha Azərbaycanla Serbiyanı illərdir qütbləşmiş geosiyasi mühitdə heç də asan olmayan və nadir hesab edilən balanslı siyasət aparmağa, qarşılıqlı maraqlara əsaslanan strateji müstəqilliklərini qorumağa çalışan iki dost ölkə olduğunu təsdiqlədi və siyasi, iqtisadi, hərbi və humanitar əlaqələrin inkişafında mühüm mərhələ oldu. Səfər öz regionlarında sabitliyin təminatçısı kimi çıxış edən Azərbaycanla Serbiya arasında son illərdə formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. Bu baxımdan səfərin nəticələri və mətbuat üçün liderlərin verdikləri bəyanatlar ölkələr arasında münasibətlərin bir tərəfdən keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi, digər tərəfdən isə, həm Azərbaycan, həm də Serbiyanın öz regionlarında və bütövlükdə Avropada etibarlı tərəfdaş və sabitlik amili kimi imicini gücləndirmiş oldu.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent