18 fevral 2026 20:34
130

Sabunçu rayonunda Leyla Məmmədbəyova küçəsi təmir olunur - FOTO/VİDEO

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən Leyla Məmmədbəyova küçəsində təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “İki sahil”ə verilən məlumata görə, küçənin ümumi uzunluğu 1700 metr, orta eni isə 11.5 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin 570 metrlik hissəsində (Yavər Əliyev və Əhmədbəy Ağayev küçələri arası) deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü xüsusi texnika vasitəsilə frezlənərək ərazidən kənarlaşdırılıb. Əvəzində 6 500 kvadratmetr sahədə yeni asfalt-beton örtüyü döşənib. Bununla yanaşı zəruri hissələrdə səki daşları yenilənib.

Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə və əvvəlcədən tərtib olunmuş iş qrafikinə əsasən həyata keçirilir. İşlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün əraziyə kifayət qədər canlı qüvvə və xüsusi texnika cəlb edilib.

Görülən işlər nəticəsində yol örtüyünün keyfiyyətinin yüksəldilməsi və rahat gediş-gəlişin təmin olunması nəzərdə tutulur.