18 fevral 2026 17:36
138

Azərbaycan–Serbiya arasında əlaqələr strateji mahiyyət daşıyır

Azərbaycan-Serbiya əlaqələri  strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində verdiyi bəyanatlar bu strateji xəttin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər təkcə diplomatik jest deyil, dərin siyasi etimada, qarşılıqlı maraqlara və uzunmüddətli strateji baxışa əsaslanan əməkdaşlıq modelinin möhkəmləndiyini göstərdi.Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Ölkələr arasında əlaqələrin inkişafına təkan verən mühüm amillərdən biri də Serbiyanın  Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmasıdır.

Belə ki, Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Bu əlaqələr hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və bu zaman imzalanan mühüm sənədlərin icrası nəticəsində inkişaf edir. Hazırda bu münasibətlərin ideya əsasını suverenliyə hörmət, qarşılıqlı fayda və praqmatik əməkdaşlıq təşkil edir; siyasi impulsunu isə dövlət başçıları – İlham Əliyev və Aleksandr Vuçiç arasında formalaşmış səmimi, etibara söykənən şəxsi münasibətlər verir.Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində tərəfdaşıdır. Serbiyaya Azərbaycanın qaz tədarük etdiyi 10 Avropa dövlətlərindən biridir. Bu gün Azərbaycan qazı Serbiyanın təchizat mənbələrinin şaxələndirilməsi ilə yanaşı, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi Serbiyanın strateji roluna da töhfə verir. Azərbaycan qazı gələcəkdə Serbiya vasitəsilə Mərkəzi Avropa ölkələrinə də çatdırılması nəzərdə tutulub. Bu gün Azərbaycan ilə Serbiya arasında energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir. 

Azərbaycanın Şuşa və Serbiyanın Novi Pazar şəhərləri arasında 2023-cü ilin 17 martında qardaşlaşma əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər uyğun sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanması iki ölkə arasında strateji münasibətlərin digər bariz nümunəsidir. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi münasibətlərin institusional əsaslara söykəndiyini təsdiqlədi. Qarşıdakı dövr üçün konkret istiqamətlər müəyyənləşdirilib və bu istiqamətlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika və nəqliyyat sahələrində yeni layihələrin reallaşdırılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsini əhatə edir. Bu yanaşma göstərir ki, Azərbaycan–Serbiya münasibətləri artıq sistemli və uzunmüddətli strateji tərəfdaşlıq mərhələsinə keçib.

Azərbaycan ilə Serbiya arasında formalaşan tərəfdaşlıq modeli müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət və strateji praqmatizmin uğurlu nümunəsi kimi çıxış edir. Enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı, nəqliyyat bağlantıları və siyasi dialoq üzrə əldə olunan nəticələr göstərir ki, Bakı–Belqrad xətti regional sabitlik və iqtisadi inkişaf üçün mühüm faktor rolunu oynayır. Bu tərəfdaşlıq yalnız iki ölkənin maraqlarına xidmət etmir, həm də daha geniş coğrafiyada əməkdaşlıq və sabitlik mühitinin möhkəmlənməsinə töhfə verir.

Bütövlükdə, Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan xarici siyasətinin çoxşaxəli və balanslaşdırılmış xarakterini bir daha nümayiş etdirdi. Bu siyasət regional sabitliyə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı faydaya əsaslanır. Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi həm Cənubi Qafqaz, həm də Balkan regionunda yeni əməkdaşlıq imkanları yaradır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri