18 fevral 2026 17:24
96

Azərbaycan-Serbiya dostluq əlaqələri

2026-cı il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfər etmişdir. Bu səfər Azərbaycan və Serbiya ölkələri arasında strateji tərəfdaşlığığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanmış sənədlər və verilən bəyanatlar iki ölkə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Qəbul edilən sənədlər Azərbaycan-Serbiya münasibətlərinin yüksək xətlə inkişaf etdiyini bir daha təsdiq edir.

Prezident İlham Əliyev bəyanatında qeyd etmişdir ki, Azərbaycan ilə Serbiya arasında səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlər uzun illərdir davam edir. Dövlət başçıları bir-birini yaxından tanıyır, səmimi münasibətlər saxlayır və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlıq qurublar.

Ölkə Prezidenti Serbiya xalqının hər zaman öz dövlət suverenliyinin qorunması uğrunda böyük səylər göstərdiyini vurğulamış, Serbiyanın inkişafında Prezident Aleksandar Vučić-in liderlik keyfiyyətlərini xüsusi qeyd etmişdir. Bildirilmişdir ki, təbii sərvətləri məhdud olan Serbiya həyata keçirilən islahatlar nəticəsində iqtisadi və sosial sahədə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq müstəvidə nüfuzunu artırmışdır.

Səfər çərçivəsində Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclası keçirilmişdir. İclasda siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Ölkə başçısı İlham Əliyev vurğulamışdır ki, gələcək üçün açıq və konkret planlar mövcuddur. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini bundan sonra da dəstəkləyəcək, birgə sərmayə layihələri həyata keçirəcəkdir. Xüsusilə energetika və nəqliyyat sahələrində yeni imkanlardan istifadə etmək vəzifəsi qarşıya qoyulmuşdur..

Azərbaycan tərəfi Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etmişdir. Xüsusilə birgə elektrik stansiyasının tikintisi layihəsi iki ölkə arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Bu layihə Serbiyada mövcud olan əlverişli investisiya mühitinə əsaslanır.

Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmaye qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması hər bir ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Təbii resursları məhdud olan ölkələr üçün daxili enerji istehsal gücünün artırılması xüsusi əhəmiyyət daşıyır.

Həmçinin, Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlamışdır və qaz ixracının həcminin artırılması qərara alınmışdır. İxrac edilən qazın elektrik enerjisinə çevrilməsi Serbiyanın həm daxili bazarı, həm də gələcək ixrac imkanları üçün yeni perspektivlər açır.

Azərbaycanın energetika sahəsində ixrac potensialı hazırda 2 giqavat təşkil edir və 2032-ci ilə qədər əlavə 8 giqavat gücün əldə olunması planlaşdırılır. Bu artım əsasən bərpaolunan enerji mənbələrinin inkişafı hesabına təmin ediləcəkdir. Eyni zamanda, Avropa istiqamətində ixrac imkanlarının genişləndirilməsi üçün yeni transmissiya xətlərinin yaradılması zəruridir. Bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır.

Prezident İlham Əliyev səfərin nəticələrinin qısa zamanda öz bəhrəsini verəcəyinə əminliyini ifadə etmişdir. O, Prezident Aleksandar Vuçiçi və Serbiya nümayəndə heyətini Azərbaycana dəvət etmişdir və yaxın gələcəkdə qarşılıqlı səfərlərin davam edəcəyini bildirmişdir.

Səfərin yekununda dövlət başçısı İlham əliyev Serbiya–Azərbaycan dostluğunun möhkəm təməllər üzərində qurulduğunu bildirərək “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi ilə çıxışını tamamlamışdır.

Dövlət başçısının çıxışı bu tərəfdaşlığın yanlız bu günün deyil, gələcəkdə də sabit və perspektivli əməkdaşlıq modeli olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və energetika sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qarşılıqlı hörmət, suverenliyə dəstək və ortaq maraqlara əsaslanan bu münasibətlər regionda sabitliyin və inkişafın möhkəmlənməsinə mühüm töhfə verir.

İki ölkə arasında ticarət dövriyyəsinin artması, birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiyaların təşviqi istiqamətində konkret addımlar atılması münasibətlərin yüksələn xətt üzrə inkişafına daha da təkan verəcəkdir.

Qadir İbrahimov,
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri