18 fevral 2026 11:39
100

Azərbaycan-Serbiya: səmərəli siyasi dialoqdan çoxşaxəli əməkdaşlığa

2026-cı il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Bu səfər siyasi-iqtisadi və enerji təhlükəsizliyi müstəvisində yeni mərhələnin başlanğıcını ifadə edir. Görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər və verilən mesajlar göstərir ki, Bakı–Belqrad xətti artıq qarşılıqlı etimada və uzunmüddətli strateji planlaşdırmaya əsaslanan əməkdaşlıq modelinə çevrilib.

Azərbaycan və Serbiya arasında təmaslar uzun illərdir davam edir və bu münasibətlər təsadüfi xarakter daşımır. Dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər, açıq dialoq və qarşılıqlı hörmət siyasi əməkdaşlığın əsas mahiyyətini təşkil edir. Azərbaycan Prezidenti Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması naminə göstərdiyi fədakarlığı yüksək qiymətləndirib və bu ölkənin dövlət başçısı Aleksandar Vuçiçin liderlik keyfiyyətlərini vurğulayıb. Serbiyanın təbii sərvətlərə malik olmamasına baxmayaraq, daxili resurslara və milli potensiala əsaslanaraq iqtisadi inkişaf yolu seçməsi müasir Avropa məkanında mühüm siyasi iradə və düzgün strateji idarəetmənin göstəricisi kimi təqdim olunur. Bu yanaşma Azərbaycanın da həyata keçirdiyi müstəqil və praqmatik siyasətlə səsləşir. Dövlətimizin başçısı mətbuata bəyanatında qeyd edib ki, bizim gələcək üçün də açıq-aydın planlarımız var: “Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Səfər çərçivəsində keçirilən Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası münasibətlərin artıq sistemli və institusional çərçivəyə keçdiyini nümayiş etdirir. Strateji Şura yalnız fikir mübadiləsi platforması deyil, konkret layihələrin və uzunmüddətli planların koordinasiya olunduğu mexanizm kimi çıxış edir.

İclas zamanı siyasi dialoqun dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi, ərazi bütövlüyü və suverenliyin prinsipial müdafiəsi məsələləri ön plana çəkilib. Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat-logistika, enerji və investisiya sahələrində birgə layihələrin genişləndirilməsi üzrə konkret istiqamətlər müəyyən olunub. Bu faktorlar sübut edir ki, tərəfdaşlıq real iqtisadi və geostrateji məzmun qazanır.

Energetika sahəsi səfərin əsas prioritet istiqamətlərindən biri olub. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və tərəflər bu ixracın həcminin artırılması barədə razılığa gəliblər. Bu amil Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm addımdır. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın energetika sahəsində ixrac potensialı 2 giqavata bərabərdir. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü yaradılacaq, bu artımın böyük hissəsi ixraca yönəldiləcək. Xüsusilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir. Serbiya ilə birgə inşa ediləcək elektrik stansiyası isə iki ölkə arasında praktiki əməkdaşlığın təcəssümünə çevriləcək. Bu layihə Serbiyada mövcud olan əlverişli investisiya mühiti və aparılan iqtisadi islahatların nəticəsi kimi dəyərləndirilir.

Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu investisiyalar yalnız kommersiya xarakteri daşımır, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Elektrik stansiyalarının tikintisi və reabilitasiyası, enerji infrastrukturlarının yenilənməsi və nəqliyyat imkanlarının genişləndirilməsi hər iki ölkənin dayanıqlı inkişaf modelinə töhfə verir. Xüsusilə enerji istehsal gücünün artırılması təbii resursları məhdud olan ölkələr üçün iqtisadi müstəqilliyin əsas təminatçılarından biridir. Bu baxımdan Serbiya–Azərbaycan əməkdaşlığı regional enerji xəritəsində yeni geoiqtisadi balans formalaşdırır.

Azərbaycan və Serbiya beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini prinsipial şəkildə dəstəkləyir. Bu amillər iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların qorunması və beynəlxalq hüququn prinsiplərinə sadiqlik strateji tərəfdaşlığın əsasını təşkil edir. İmzalanan sənədlər və əldə olunan razılaşmalar münasibətlərin hüquqi bazasını daha da gücləndirəcək və əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını təsdiqləyir. Həmin sənədlər enerji, iqtisadiyyat və digər sahələr üzrə əlaqələrin sistemli şəkildə genişlənməsinə zəmin yaradır.

Səfər çərçivəsində səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi münasibətlərin emosional və humanitar ölçüsünü də ortaya qoyur. Bu, dövlətlərarası əlaqələrin yalnız siyasi və iqtisadi maraqlara deyil, eyni zamanda qarşılıqlı simpatiya və hörmətə əsaslandığını göstərir. Liderlər arasında qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılıq siyasi dialoqun davamlı və intensiv xarakter alacağını göstərir. Bu isə gələcəkdə yeni layihələrin, investisiya təşəbbüslərinin və çoxtərəfli əməkdaşlıq modellərinin formalaşmasına şərait yaradacaqdır.

Heydər Əsədov,
​Milli Məclisin deputatı