Son əsrdə dünya dövlətləri arasında iqtisadi münasibətlər siyasi münasibətlər müstəvisində dayanıqlı səviyyədə formalaşır. Bu münasibətlər qarşılıqlı etimaddır, qarşılıqlı inamdır. İkitərəfli münasibətlər rəsmi səfərlər zamanı mahiyyət baxımından daha geniş məzmuna malik olur. Belə ki, bu səfərlər zamanı müzakirə olunan məsələlər istər təyinatı baxımından, istərsə də mahiyyəti baxımından ikitərəfli münasibətlərin daha dayanıqlılığına yönəldilir.
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər də bu formatda inkişaf etdirilib, formalaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri də ikitərəfli münasibətlərin şəbəkəsinin genişləndirilməsində, mahiyyət baxımından dərinləşməsində vasitə oldu. Səfər zamanı dövlət başçımız verdiyi bəyanatda Serbiya xalqının bütün dövrlərdə öz dövlət suverenliyini böyük sədaqətlə qoruduğunu, möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərdiyini, Serbiyanın uğurla inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük hörmət qazandığını, iqtisadi və sosial sahədə böyük islahatlar aparıldığını xatırladaraq dedi: “Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox məsələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Hər dövlət ikitərəfli münasibətlərin şəffaflığını, qarşılıqlı etimadın, ehtiramın yaşarlığını daimiləşdirmək üçün həm də iqtisadi baxımdan strateji köməyini əsirgəmir. Strateji kömək həm də sərmayə qoyuluşu ilə müəyyənləşdirilir. Azərbaycan da bu və ya digər dövlətin iqtisadi inkişafının dönməzləşməsi naminə köməyini əsirgəmir, ikitərəfli münasibətlər əsasında sərmayə qoyuluşu təklif edir, təklifini gerçəkləşdirir. Belə dövlətlər sırasında Serbiya da var. Serbiyaya səfəri zamanı verdiyi bəyanatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezis baxımından dedi: “Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim”.
Energetika sahəsində əlaqələrimizin çoxşaxəli formatda inkişaf etdiyini xatırladan, Azərbaycanın Serbiya bazarı üçün, həm də gələcəkdə ixrac üçün imkanlar yaradacağını, Azərbaycanın bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə də məşğul olduğunu, bu sahə üzrə Serbiya ilə də əməkdaşlığa hazır olduğunu nəzərə çatdıran dövlət başçımız çıxışında qeyd etdi ki, “Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına səfəri iktərəfli münasibətlərin həm də məzmun baxımından genişlənəcəyinin zəmanəti kimi tarixləşdi...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı