16 fevral 2026 14:53
123

Azərbaycan və Ermənistanın delimitasiya üzrə Dövlət komissiyaları yaxın zamanda yeni görüş keçirəcək

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının növbəti görüşü yaxın zamanda keçiriləcək.

“İki sahil” "Sputnik-Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistan-Azərbaycan "Sülh körpüsü" təşəbbüsünün iştirakçısı Narek Minasyan bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki görüş Azərbaycan ərazisndə baş tutduğu üçün növbəti görüş Ermənistanda keçiriləcək.

"Yaxın vaxtlarda iki ölkənin sərhədin demarkasiyası üzrə komissiyalarının görüşü planlaşdırılır. Nəzərə alsaq ki, əvvəlki görüş Azərbaycan ərazisində keçirilib, növbəti görüş çox güman ki Ermənistanda baş tutacaq".

Xatırladaq ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların əvvəlki görüşü 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilib.

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçirilib, burada Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri görüşüblər. Azərbaycan nümayəndə heyətinin tərkibinə 19 nəfər daxil olub, Ermənistan tərəfindən isə qeyri-hökumət təşkilatlarının 20 nümayəndəsi iştirak edib.