03 fevral 2026 22:15
230

Modern şəhərlər, uzunmüddətli strategiya

Politoloq: Azad edilmiş ərazilərdə həyata keçirilən şəhərsalma layihələri həm bərpa, həm də suverenliyin real təzahürüdür

Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi Azərbaycanın müasir inkişaf mərhələsində urbanizasiya proseslərinə, regionların sosial-iqtisadi inteqrasiyasına və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsinə verilən strateji əhəmiyyətin göstəricisi kimi qiymətləndirilir. Postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri fonunda bu qərar şəhərsalma və memarlığın yalnız texniki sahə olmadığını, eyni zamanda sosial, ideoloji və siyasi məzmun daşıdığını aydın şəkildə ortaya qoyur. Müasir şəhər konsepsiyalarının tətbiqi, funksional və estetik memarlıq həlləri, eləcə də ictimai məkanların formalaşdırılması dövlətin uzunmüddətli inkişaf strategiyasında insan amilinin və sosial rifahın əsas prioritetlər sırasında yer aldığını təsdiqləyir.

Şəhərsalma artıq təkcə tikinti deyil

Politoloq Yusif Bağırzadə mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi ölkənin uzunmüddətli sosial-iqtisadi və siyasi inkişaf strategiyası kontekstində mühüm addım kimi qiymətləndirilməlidir: "Bu təşəbbüs yalnız şəhər infrastrukturunun yenilənməsi və binaların tikintisi ilə məhdudlaşmır. O, həm də urbanizasiyanın, regionların sosial inteqrasiyasının və vətəndaş rifahının dövlət siyasətində önəmli yer tutduğunu göstərir. Şəhərsalma və memarlığın ayrıca bir il kimi qeyd olunması dövlət idarəçiliyində urbanizasiyanın strateji prioritet olduğunu, sosial xidmətlərin, ictimai məkanların və yaşayış keyfiyyətinin yüksək səviyyədə təmin edilməsinin vacibliyini ön plana çıxarır.

Bu təşəbbüs xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma prosesləri ilə birbaşa bağlıdır. Azad edilmiş ərazilərdə şəhərsalma layihələri yalnız tikinti fəaliyyəti deyil, həm də ideoloji və siyasi mesaj daşıyır. Modern şəhərsalma və memarlıq layihələri həmin regionlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini göstərir, həmçinin ictimai stabillik və təhlükəsizliyin simvoluna çevrilir. Bu yanaşma, bölgənin iqtisadi və sosial inteqrasiyasını gücləndirir, əhalinin gündəlik həyat şəraitini yüksəldir və yerli infrastrukturun müasirləşməsini təmin edir. Beləliklə, şəhərsalma təşəbbüsü həm praktik, həm də ideoloji aspektdən Azərbaycanın uzunmüddətli strateji maraqlarına xidmət edir".

Şəhər mühiti insanın gündəlik həyatında

Politoloq qeyd etdi ki, vətəndaşların gündəlik həyatına təsir baxımından bu təşəbbüs bir neçə mühüm nəticələr verir: "İlk növbədə, ictimai məkanların və infrastrukturların yaxşılaşdırılması şəhər mühitini daha rahat, funksional və estetik baxımdan cəlbedici edir. Parklar, meydanlar, piyada zolaqları, müasir nəqliyyat sistemi və sosial obyektlər insanların gündəlik həyatını xeyli asanlaşdırır. Eyni zamanda, enerjiyə qənaət edən binalar, məktəb və səhiyyə obyektlərinin modernləşdirilməsi və ictimai xidmətlərin əlçatanlığı vətəndaşların rifahını yüksəldir. Sosial inteqrasiya və müxtəlif təbəqələr üçün əlçatan ictimai məkanlar isə birgə yaşayış mədəniyyətini gücləndirir.

Dövlət idarəçiliyi baxımından “Şəhərsalma və Memarlıq İli” təşəbbüsü həm urbanizasiya siyasətinə, həm də regional inkişaf və inteqrasiyaya strateji diqqətin artdığını göstərir. Azad edilmiş ərazilərdə bərpa layihələrinin təşkili və şəhərsalma standartlarının tətbiqi hökumətin uzunmüddətli planlamaya önəm verdiyini ortaya qoyur. Memarlıq və şəhərsalma təşəbbüsləri, həmçinin mədəni və estetik dəyərlərin qorunmasını təmin edir, milli memarlıq irsini modern layihələrlə birləşdirərək regionlarda sosial-mədəni identifikasiyanı möhkəmləndirir".

Sadəcə bir il yox, uzun yolun başlanğıcı

Yusif Bağırzadə diqqətə çatdırdi ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yalnız şəhər infrastrukturu və memarlıqla bağlı addım deyil: "Bu, Azərbaycanın sosial-iqtisadi və siyasi inkişaf strategiyasının mühüm elementidir. Beləliklə, bu qərar həm regionlarda modern şəhərsalmanın əsasını qoyur, həm də Azərbaycan vətəndaşlarının gündəlik həyat keyfiyyətini artıraraq sosial stabilliyi və iqtisadi səmərəliliyi təmin etməyə yönəlmiş uzunmüddətli strateji addımdır".

Nigar Orucova, "İki sahil"