02 fevral 2026 22:46
129

Azərbaycanla İƏT arasında qadın hüquqları sahəsində əməkdaşlıq müzakirə olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İƏT-in Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Qahirə şəhərində “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən görüşdə Azərbaycan ilə Qadın İnkişafı Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Afnan əl-Şueybi Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər və əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib. 2021-ci ildə fəaliyyətə başlamış Qadın İnkişafı Təşkilatı barədə məlumat verən icraçı direktor Azərbaycanla bu platforma daxilində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qeyd olunub ki, mərkəzi qərargahı Qahirədə olan təşkilat hazırda üzvlərinin sayını artırır və beynəlxalq müstəvidə fəaliyyətini möhkəmləndirir.

B.Muradova rəhbərli etdiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti və gördüyü işlər barədə məlumat verib. Ölkəmizin İƏT-lə müxtəlif sahələrdə yaxından əməkdaşlıq etdiyini və təşkilatın fəaliyyətinə ən çox töhfə verən üzv dövlətlərdən olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Dövlət Komitəsinin dəstəyi ilə qadınların sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində bir sıra işlər görülür. Bu kontekstdə Sahibkar Qadınlar Assosiasiyası uğurla fəaliyyət göstərir.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov iştirak edib.