02 fevral 2026 21:14
130

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib

İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” mövzusunda forum keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının (TADEF) əməkdaşlığı ilə təşkil olunan tədbirdə dünyanın 28 ölkəsindən 29 gənc iştirak edib.

İki gün davam edəcək forumun ilk günündə təşkil edilən açılış mərasimində çıxış edən Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Valeh Hacıyev Gənclər Gününün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına, onun gəncliyinə verdiyi dəyərin nümunəsi olduğunu bildirib: “Bir vaxtlar Ulu Öndər tərəfindən oxumasına təkan verilən gənclər bu gün ölkəmizin gələcəyi üçün xidmət edirlər. Azərbaycan gəncliyinin birlik və bərabərliyi Vətən müharibəsi dövründə dünyanın demək olar ki, bütün ölkələrində özünü ən gözəl şəkildə büruzə verdi”.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Qarabağ Zəfəri və bu qələbəyə gedən yol haqqında danışıb. O, Türk dünyasının tarixi Zəfəri hesab edilən, ortaq tariximizin bu şanlı səhifəsini gələcəyə çatdırmağın gənclərin üzərindəki bir vəzifə olduğunu deyib.

Şamil Ayrım ölkəmizin gənclərə verdiyi dəyər, Ulu Öndər Heydər Əliyevin gənclərin təhsilinin artırılması istiqamətində gördüyü işlərin Prezident İlham Əliyevin liderliyi ilə bu gün də Azərbaycan Dövləti tərəfindən uğurla davam etdirildiyini deyib.

İstanbulun Bağçılar rayonu üzrə kaymakamı Abdullah Uçqun da türk gənclərinin milli-mənəvi dəyərlərindən uzaqlaşmamasının, əksinə yaşadığı ölkələrdə Vətənini layiqincə təmsil etməsi vacibliyini vurğulayıb. “Bir millət, iki dövlət” kəlamının da burada böyük əhəmiyyəti olduğunu qeyd edən Uçqun Türk Dövlətləri Təşkilatının yaradılması ilə bu qavramın bütün türk xalqları arasındakı birliyin rəmzinə çevrildiyini bildirib.

Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev isə çıxışında türk gənclərinin dünyanın hər yerində birlik nümunəsi olmasının vacibliyini vurğulayıb.

TADEF-in sədri Ədalət Turan da gənclərin və özünü gənc hesab edən hər kəsin ölkəsinin gələcəyinə töhfə vermək üçün üzərinə düşəni etməsinin vacibliyindən danışıb.

Sonra dünyanın müxtəlif ölkələrindən gələn gənclərin fikirləri dinlənilib.

Tədbirdə Azərbaycan diasporunun fəaliyyətini və diaspor gənclərinin yay düşərgələrini əks etdirən videoçarxlar nümayiş olunub.