02 fevral 2026 14:58
248

Əgər beynəlxalq hüquq işləmirsə biz də potensialımızın imkan verdiyi dildə danışmalıyıq - Deputat

“Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı kifayət qədər uğurlu və korrekt hazırlanıb. ilk növbədə süni zəka sistemlərinin inkişafı şəraitində yeni münasibətlərin tənzimi istiqamətində müəyyən normativ bazisin təşviqinə ehtiyac var. Əlbəttə süni zəka texnologiyaların inkişaf sürəti fonunda münasibətlərin tənzimlənməsi, bir sessiya daxilində hansısa qanun layihəsinin qəbulu sadə məsələ deyil, lakin, bütövlükdə bu istiqamətdə konseptual hüquqi bazanın təməlləri atıla bilər, hətta gələcəkdə informasiya hüququ sahəsində məcəllələşdirməyə əsas verən müəyyən addımların realizəsi mümkündür.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Parlamentin bugünkü iclasında çıxışı zamanı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

B.Məhərrəmov qeyd edib ki, informasiya kommunikasiya texnologiyaları o cümlədən internet informasiya resurslarının inkişafı ənənəvi təhqir və böhtan əməllərini yeni səviyyəyə daşıyıb və mahiyyətcə çox ağır nəticələrə gətirib çıxaran situasiya yaranmaqdadır: “Təhqir və böhtana, o cümlədən şəxsi və ailə həyatına müdaxiləyə görə qəbul etdiyimiz ənənəvi normalar və ənənəvi sanksiyalar bu əməllərin informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə hüdudsuz müstəvidə həyata keçirilməsinə münasibətdə yetərsizdir. Eyni zamanda Azərbaycan dövlətinin və vətəndaşların hüquq və qanunu mənafelərini hədəfə alan bu kimi ləyaqətsiz fəaliyyətlə məşğul olan şəxslərin ölkəyə gətirilməsi məsələsində addımlar sözün əsl mənasında qanunvericilik və praktik səviyyədə radikallaşdırmalıdır. Əgər cinayətkara öz ərazisində sığınacaq verən dövlət həmin vətəndaşı bizə təhvil vermirsə həm həmin dövlətə, həm də şəxsə münasibətdə istəqnilən qəti addımdan çəkinməməliyik.”

Deputat vurğulayıb ki, bəzi dövlətlər açıq formada cinayətkarları və cinayətləri dəstəkləməyi özünə xarici siyasət kursunun bir istiqamətinə və digər dövlətlərə təsir rıçaqlarından birinə çeviriblər: “Əgər buna beynəlxalq ictimaiyyət susursa, əgər beynəlxalq hüquq işləmirsə biz də gücümüzün potensialımızın imkan verdiyi dildə danışmalıyıq.”