02 fevral 2026 10:37
142

Cokoviçin raketkası rekord qiymətə satıldı

Serbiyalı tennisçi Novak Cokoviçin “Australian Open – 2012” turnirinin final görüşündə istifadə etdiyi raketka hərracda rekord məbləğə satılıb.

“İki sahil” xəbər verir ki, raketka 540 min dollara (təxminən 918 min AZN) alıcı tapıb. Bu, tennis raketkaları arasında indiyədək qeydə alınmış ən yüksək satış qiymətidir.

Qeyd edək ki, “Australian Open – 2012”nin final görüşü “Böyük Dəbilqə” turnirləri tarixində ən uzunmüddətli həlledici oyun kimi yadda qalıb. Həmin qarşılaşmada Novak Cokoviç ispaniyalı Rafael Nadalı məğlub edib. Final matçı 5 saat 53 dəqiqə davam edib.

Buna qədər rekord satış 2025-ci ildə qeydə alınmışdı. Həmin vaxt ispaniyalı tennisçi Karlos Alkarasın “Uimbldon – 2023” finalında Cokoviçi məğlub etdiyi oyunda istifadə etdiyi raketka 173 min dollara (təxminən 294 min AZN) satılmışdı.