Astma tutmalarının başvermə vaxtını illər öncədən proqnozlaşdırmağa imkan verən yeni texnika hazırlanıb. ABŞ-da təxminən 28 milyon insanın astmadan əziyyət çəkdiyi halda, alimlər tutmaların 5 il əvvəldən müəyyən edilə biləcəyini bildiriblər.
ABŞ-ın Massaçusets ştatında yerləşən Mass General Brigham və İsveçin Karolinska İnstitutundan olan tədqiqatçılar 2 min 500-dən çox astma xəstəsinin qan nümunələrini analiz ediblər. Metabolik analiz adlanan bu üsulla qandakı kiçik molekullar araşdırılıb və astma tutmaları ilə əlaqəli mühüm bioloji göstəricilər müəyyən edilib.
Araşdırmaya görə, sfinqolipid adlanan yağların miqdarı ilə orqanizmdə təbii şəkildə sintez olunan steroid hormonları arasındakı nisbət, xəstənin növbəti 5 il ərzində astma tutması keçirmə riskini yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verir. Bəzi hallarda isə bu üsul ilk tutmanı 1 il əvvəldən müəyyən edə bilir.

Karolinska İnstitutunun baş tədqiqatçısı Kreyq Uilok bildirib ki, sfinqolipidlər və steroidlər arasındakı qarşılıqlı əlaqə xəstənin risk profilini formalaşdırır və bu yanaşma həm elmi, həm də klinik baxımdan etibarlıdır.
Tədqiqat çərçivəsində onilliklər ərzində toplanmış tibbi məlumatları əhatə edən üç böyük astma araşdırmasının nəticələri təhlil olunub. Yeni model dərman istifadəsi və genetik məlumatlarla birlikdə tətbiq edildikdə, yüksək risk qrupunda olan xəstələri təxminən 90 faiz dəqiqliklə müəyyən edib. Halbuki yalnız standart klinik məlumatlara əsaslanan modellərin dəqiqliyi 50-70 faiz arasında dəyişir.
Alimlər bildiriblər ki, nəticələr ümidvericidir, lakin metodun klinik praktikada istifadəsi üçün əlavə sınaqlara ehtiyac var. Yeni üsulla bağlı patent müraciəti də edilib.
Şahnigar Əhmədova, “İki sahil”