Biləsuvar rayonunun Günəşli kəndində boya-başa çatan 44 günlük haqq savaşımızda Vətənin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Müşfiq Zakir oğlu Xosizadənin xatirəsi bütün Azərbaycan xalqı tərəfindən müqəddəs tutulur və onun 26 ilik şərəfli ömür yolu örnək göstərilir. Qərinələr keçəcək, yenə də belə olacaq. Çünki Müşfiq öz adını qəhrəmanlıq tariximizə qanı bahasına əbədi olaraq həkk edib.
Canından artıq sevdiyi Vətən, torpaq uğrunda son nəfəsinədək vuruşan Müşfiq Zakir oğlu özünü biləndən Erməni işğalçıların ölkəmizin müqəddəs guşəsi olan Qarabağa hücum ilə heç cür barışmayıb. Yaşının üstünə yaş gələndə dığalara nifrəti daha da artıb. Odur ki, orta məktəbi yaxşı qiymətlərlə bitirsə də, Vətənin çətin günündə əsgər olub onun keşiyində durmağı hər şeydən üstün tutub. Böyük həvəslə ordu sıralarına yollanıb və cəbhə bölgəsində xidmətə başlayıb. Yurduna olan halal sevgisi qısa zaman kəsiyində onu nümunəvi əsgər kimi komandirlərin sevimlisi edib. Müqəddəs borcunu şərəflə yerinə yetirən Müşfiq məqamı gələndə yağıdan alacağı öcə də ciddi hazırlaşıb. Məqsədinə çatmaq üçün qatıldığı çətin təlimlərdən belə uğurla çıxıb, necə qəhrəman, igid oğul olduğu bilinib. Valideynlərinin yanına qələbə sorağı ilə qayıtmaq istəyində olan Müşfiq əsgərlik həyatını başa vuran kimi yenidən hərbiyə yazılıb. Dediyi də belə olub:” Çox az qalıb. İnşallah qeyrətli oğullarımızın hesabına erməni dığalarının başını əzib, Qarabağımızı azad edərik. Onda məndə ata-anamın yanına alnıaçıq, başıuca, ən əsası qalib xalqın oğlu olaraq dönərəm.”
Andına sadiq qalan Azərbaycan Silahlı Qüvvələrinin giziri Müşfiq Xoşizadə İkinci Qarabağ müharibəsi başlanan günü Vətənin müdafiəsinə qalxıb və bu müqəddəs yolda şəhid olmağı özünə şərəf sayıb. Düşməni məğlub edib Qarabağı azad görmək istəyi ilə o, silaha sarılıb neçə-neçə qanlı döyüşlərdən zəfərlə çıxıb. Vuruşduğu ağır, ölüm-dirim savaşında silahının nişangahına tuş gələn onlarla erməni qəsbkarını məhv edib. Ürəyi Vətən eşqi ilə döyünən Müşfiqi yalnız 30 il düşmənə əsir düşən Qarabağın azadlığı düşündürüb. Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqla tarix yazıb. Təəssüflər olsun ki, elə bu savaş zamanı düşmən tərəfindən açılan qəfil bir atəş onun bütün arzularını yarımçıq qoyub. Vətən naminə canından keçməklə bir evin oğlundan, bir elin, bir xalqın övladına çevrilib və əbədi olaraq doğulduğu kənd qəbiristanda sevdalandığı torpağın sinəsinə baş qoyub. Həm də milyonların qəlbində özünə yuva quran Biləsuvarın qəhrəman oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidenti, Ali Baş komandan İlham Əliyevin Sərəncamları əsasında "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşlərdə fərqlənməyə görə” medallarına layiq görülüb.
Yurdumuzun azadlığı uğrunda başlayan döyüşlərdə son nəfəsinədək cəsarətlə, hünərlə vuruşub şəhidlik zirvəsinə ucalan Müşfiq Xoşizadə ilə bütün Azərbaycan xalqı fəxr edir. Müşfiq kimi Vətənini canından da çox sevən oğullar heç zaman ölmürlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Milyardlıq sərmayələr, ticarət dövriyyələri və möhkəmlənən dostluq münasibətləri