Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili BMT-nin Rezident-Əlaqələndiricisi Dider Tsoqbuk ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, görüşdə iqtisadi əməkdaşlığın istiqamətləri diqqət mərkəzində olub. Tərəflər inklüziv iqtisadi artım, yaşıl enerji, enerji səmərəliliyi, rəqəmsal transformasiya, nəqliyyat, logistika, eləcə də davamlı turizm və təhsil daxil olmaqla, əməkdaşlığın prioritet sahələrini müzakirə ediblər.
BMT ilə Əməkdaşlıq üzrə Çərçivə Proqramında nəzərdə tutulan prioritetlərə xüsusi diqqət yetirilib.
BMT-nin Orta Dəhlizin və ümumilikdə ölkənin nəqliyyat və logistika infrastrukturunun inkişafında daha çox iştirakına xüsusi diqqət yetirilib.
Gürcüstan tərəfi BMT-nin Rezident Koordinatoruna ölkədə həyata keçirilən layihələr, mövcud infrastrukturun inkişafı, həm də yeni imkanlar baxımından ətraflı məlumat verib. Bunların arasında Anakliya dərinsulu limanı, dəmir yolunun modernləşdirilməsi layihəsi, Şərq-Qərb avtomobil yolu və s. vurğulanıb.
Tərəflər, həmçinin yaşıl enerji sektorunda BMT ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xüsusilə yaşıl hidrogen istehsalı da daxil olmaqla, sahədə yeni texnologiyaların inkişafına, eləcə də elektrik enerjisi saxlama batareyaları sisteminin inkişafına və digər prioritet sahələrə diqqət yetirilib. Layihədə iştirak edən bütün tərəflər üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqaz enerji sisteminin Gürcüstan vasitəsilə Avropa İttifaqına qoşulacağı Yaşıl Enerji Ötürülməsi Layihəsinin inkişafı vurğulanıb.