25 yanvar 2026 15:40
100

Əfqanıstanda şiddətli qış fırtınaları nəticəsində azı 60 nəfər ölüb

Əfqanıstanda şiddətli qış fırtınaları və dondurucu yağışlar nəticəsində azı 60 nəfər həlak olub, daha 110 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Afghanistan International” məlumat yayıb.

Məlumata görə, təbii fəlakət ölkənin infrastrukturuna ciddi ziyan vurub. Belə ki, 458 ev tamamilə və ya qismən dağılıb, 360 ailə zərər çəkib. Eyni zamanda, 620 baş mal-qaranın tələf olduğu bildirilir.

Ən böyük ziyan dağlıq və kənd ərazilərində qeydə alınıb. Qeyd olunur ki, bu bölgələrdə yerləşən binalar və kommunal xidmətlər ağır hava şəraitinə davam gətirmək üçün kifayət qədər uyğunlaşdırılmayıb.

Məlumata əsasən, Kabil, Pərvan, Pəncşir, Qəzni və Nuristan əyalətləri təbii fəlakətdən təsirlənib.