22 yanvar 2026 02:20
82

MERCOSUR sazişinə qarşı aksiyalarda etirazçılarla polis arasında toqquşma baş verib

MERCOSUR ölkələri ilə bağlanmış azad ticarət sazişinə qarşı minlərlə fermer Strasburqda Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, aksiyada Fransadan əlavə İtaliya, Almaniya və Belçikadan gələn fermerlər də iştirak edib. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildirərək onun qüvvəyə minməsinin qarşısını almağı hədəfləyiblər.

Dörd minədək fermer Avropa Parlamentinin binası qarşısında toplaşıb. Aksiyada yüzlərlə traktorun iştirak etməsi diqqət çəkib. Nümayişçilər üzərində “Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı fermerləri və xalqı satıb” və “Zəhərli sazişlərə yox” kimi şüarların yazıldığı plakatlar qaldırıblar.

Aksiyalarla əlaqədar Avropa institutları ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. Buna baxmayaraq, bəzi etirazçılar Parlament binasını əhatə edən baryerləri aşmağa cəhd göstəriblər. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verib.

Bu hadisələr Avropa Parlamentinin plenar iclasında ifrat sağçı “Avropa üçün vətənpərvərlər” (Patriots for Europe) qrupunun Avropa Komissiyasına qarşı MERCOSUR sazişi ilə əlaqədar təqdim etdiyi etimadsızlıq təklifinin müzakirə olunduğu vaxta təsadüf edib. Sözügedən təşəbbüs Avropa Komissiyasının bu ticarət sazişində Avropa Parlamentini və milli parlamentləri kənarda qoyduğu, eyni zamanda milyonlarla Avropa fermerinin narahatlıqlarını nəzərə almadığı iddialarına əsaslanır.

Etimadsızlıq təklifi qəbul edilərsə, Avropa Komissiyası istefa verməli olacaq. Lakin mövcud parlament nisbətlərinə görə bu təşəbbüsün qəbul olunma ehtimalının aşağı olduğu bildirilir. Səsvermənin yanvarın 22-də keçirilməsi nəzərdə tutulur.