22 yanvar 2026 01:11
105

ABŞ Qrenlandiya ilə bağlı Avropa ölkələrinə qarşı yeni tariflər tətbiq etməyəcək

ABŞ Qrenlandiya ətrafındakı vəziyyətə görə bir sıra Avropa ölkələrinə qarşı planlaşdırılan yeni tariflərin tətbiqindən imtina edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"NATO-nun Baş katibi Mark Rütte ilə keçirdiyim çox məhsuldar görüşdən sonra Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın təməlini qoyduq. Bu qərar, tətbiq olunarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün əla olacaq", - deyə o yazıb.

Tramp bildirib ki, bu razılaşmaya əsasən, 1 fevraldan qüvvəyə minməli olan bir sıra Avropa ölkələrinə tariflər tətbiq etməyəcək:

"Qrenlandiya ilə bağlı "Qızıl Günbəz" raketdən müdafiə sistemi ilə bağlı əlavə müzakirələr davam edir. Danışıqlar irəlilədikcə əlavə məlumat veriləcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff və digərləri, lazım gələrsə, danışıqlara rəhbərlik edəcəklər".