20 yanvar 2026 20:48
106

Avropalı fermerlər Ursula fon der Lyayenin istefasını tələb edirlər

MERCOSUR bloku ilə sazişin imzalanmasına görə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə qarşı daha bir etimadsızlıq votumu səsverməyə çıxarılacaq.

“İki sahil” xəbər verir ki, Strasburqda Avropa İttifaqının bir neçə ölkəsindən olan fermerlər bu sazişə etiraz ediblər.

Tələblərdən biri AK rəhbərinin istefası olub. Bu, "Ursula fon der Lyayen, evə get" yazılı və hava şarlarına bağlanan plakatda əks edilib.

Komissiyaya etimadsızlıq, Lyayen və onun komandasının istefasının tələbi ilə bağlı müzakirələr zamanı aydın olub ki, hətta bu təklifi irəli sürənlər də bunun reallaşacağına inanmırlar. Təklif sağçı və ultra-sağçı "Patriots for Europe" (PFE) qrupları tərəfindən təqdim edilib.

"Təklif 100-dən çox deputat tərəfindən imzalanıb, lakin onlar şam yeməyi planlarını ləğv etməməyi üstün tutublar və hətta müzakirəyə gəlməyiblər. Bu, onların məsələyə nə qədər ciddi yanaşdığını göstərir", - deputatlardan biri bildirib.

Çıxış edənlər arasında Latın Amerikası bloku ilə sazişin əleyhinə olsalar da, AK-ya etimadsızlıq votumundan imtina edənlər də çoxluq təşkil edib.

Əsas arqument mövcud vəziyyətdə bunun yersiz olmasıdır, çünki Avropanın daha mürəkkəb və qlobal məsələləri həll etməsi, siyasi böhran xaosuna bürünməməsi lazımdır.

Deputatlar həmçinin qeyd ediblər ki, sağçılar və ultra-sağçılar aqrar sektor, eləcə də fermerlərin taleyi ilə maraqlanmırlar. Onlar növbəti dəfə öz siyasi məqsədləri üçün fermerlərin narazılığından istifadə etməyə çalışırlar.

Öz növbəsində sağçılar fon der Lyayenə qarşı kəskin tənqidi çıxış edərək, təkcə istefadan deyil, həm də həbs və onun fəaliyyətinə görə digər cəza formalarının mümkünlüyündən danışıblar.

Ümumiyyətlə, müzakirənin gedişi göstərib ki, cümə axşamı etimadsızlıq votumu əksəriyyət tərəfindən rədd ediləcək. Nəticədə isə Avropa Komissiyasını bu il ilk, ümumilikdə isə üçüncü dəfə istefaya göndərmək planı uğursuzluğa düçar olacaq.

Fermerlərin Avropa Parlementinin qarşısında səhər saatlarından başlayan etirazları çərşənbə axşamı günorta saatlarında hələ də davam edib. Yanvarın 21-də iştirakçılar nümayişi davam etdirməyi planlaşdırırlar.

Avropa Parlamentinin 22 yanvar tarixli plenar iclasında isə Ursula fon der Lyayenə qarşı daha bir etimadsızlıq votumu səsverməyə çıxarılacaq.